Alim-pedaqoq ömrü

 

Valeh Hacılar-70

 

Bu il tanınmış alim, şair, pedaqoqictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin professoru Valeh Hacıların (1951-2010) anadan olmasının 70 illiyi tamam olur.

 

Valeh Hacılar (Valeh Alpaşa oğlu Hacıyev) 15 aprel 1951-ci ildə Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində dünyaya göz açıb. 1973-cü ildə M.F.Axundzadə adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun Rus-Azərbaycan filologiyası fakültəsindən məzun olub. Həmin il Tbilisi Dövlət Pedaqoji İnstitutunda (TDPİ) pedaqoji fəaliyyətə başlayıb. 1989-cu ildə TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilib və 17 il bu vəzifədə çalışıb.

 

1984-cü ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilində şeir qoşan gürcü aşıqları” mövzusunda namizədlik (fəlsəfə doktoru), 1993-cü ildə isə “Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının şərqşünaslıq üzrə həqiqi üzvü seçilib.

 

Ədəbi əlaqələr, özəlliklə folklor əlaqələri, Gürcüstanın türkdilli folklor örnəklərinin toplanılması, tədqiqi, nəşri sahəsində səmərəli fəaliyyət göstərən alim dəfələrlə xarici ölkələrdə keçirilən elmi konfranssimpoziumlarda Gürcüstan azərbaycanlılarının ədəbiyyat və mədəniyyətini layiqincə təmsil edib.

 

O, şair-tərcüməçi və Azərbaycanca-gürcücə ikidilli lüğətlərin və danışıq kitabçalarının ilk müəllifi kimi də tanınırdı. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunub, gürcü, rus, Ukraynaabxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr edib.

 

Alim həm də Borçalı elinin saz-söz bulağından su içmişdi, aşıqların, el şairlərinin nəfəsi ona da dəymişdi. Yeri gələndə sazı sinəsinə basar, könül dünyasının ozan yaddaşı ilə baş-başa qalardı. 2000-ci ildə Tbilisidə nəşr olunmuş “Hərşənin ocağı” adlı kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlərindən seçmələr və eyniadlı poeması daxil edilib. Aşıq Vəkilə həsr etdiyi “Şirindi” şeirində yazırdı:

 

Sazdan ötrü darıxmışam, qardaşım,

De, hardasan, yenə sənin yerindi.

Ha səslədim, səsim sənə çatmadı,

Boylananda qarlı dağlar göründü…

 

Valeh Hacılar Gürcüstan arxivlərində xalqımızın tarixi ilə bağlı mühüm sənədlərin üzə çıxarılmasında müstəsna xidmətlər göstərib. Əslən Borçalıdan olan XIX əsrdə rus müstəmləkəçiliyinə qarşı mübarizə aparan, Osmanlı-Rusiya (1877-1878) savaşında türk ordusu sıralarında böyük igidliklər göstərən Mehralı bəy Darvazlı Borçalı mahalında qaçaq hərəkatı barədə araşdırmalar aparıb, monoqrafiyalar çap etdirib. Ümumilikdə 30-dan çox kitabın müəllifidir.

 

Valeh Hacılar fəal ictimai xadim olub. Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, elmi adlar verən Professorlar Şurasının üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin ilk sədri, Tiflisdə “Prometey” “Qarapapaqlar”, Bakıda AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud”, Türkiyədə “Milli folklor”, “Atatürk Universitetinin türkiyat araşdırmaları” elmi jurnallarının redaksiya heyətlərinin üzvü idi.

 

2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında Gürcüstan nümayəndə heyətinin rəhbəri kimi çıxış etmiş, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdi.

 

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.

 

Professor Valeh Hacılar 23 yanvar 2010-cu ildə, 59 yaşında vəfat edib, doğma kəndində dəfn olunub. Hazırda Darvaz kənd Mədəniyyət evi onun adını daşıyır. 2010-cu ildə Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi yaradılıb.

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.6.