İnsanlığın nümunəsi

 

“Bir insan hər kəs tərəfindən sevilə bilməz” ifadəsinə tez-tez rast gəlirik. Lakin müsbət xarakterin dəqiq ünvanı, insanlığın nümunəsi kimi göz önündə canlanan, adı çəkiləndə qəlblərdə sevinc, çöhrələrdə təbəssüm yaranan istisnalar söylənilən fikri təkzib edir.

 

Tanınmış kinoaktyor, kinorejissor, heç bir fəxri titulu olmasa da, istedadı, zəhməti hesabına, yüksək mənəvi cəhətlərinə görə xalqın sevimli sənətkarı adını qazanan Ceyhun Mirzəyev də ömrü boyu və dünyasını dəyişdikdən sonra belə istisna ünvanlarından biri kimi qəlblərdə özünə yer qazanıb. Bu il anadan olmasının 75-ci ildönümü tamam olan kino fədaisinin əziz xatirəsini yalnız təqvim tarixləri yox, əməlləri və mənalı həyat yolu yaşatmaqdadır.

 

 

 

Alın yazısı

 

 

 

Əslində, şəxsi həyatının son dərəcədə ictimailəşməsi, kino fəaliyyətinin tez bir zamanda məşhurlaşması kiçik yaşlarından şöhrət qazanan aktyoru haradasa narahat etməli idi. Çünki məşhur həyat heç də həmişə rahat, qayğısız günlər vəd etmir. İnsanı daha məsuliyyətli davranmağa, daim çalışmağa sövq edir. Kinoya erkən yaşlarından gələn çılğın, mərd xüsusiyyətli qəhrəmanımız həyat yükü ağır olmasına baxmayaraq, çətin, məsuliyyətli rejiminə elə kiçik yaşlarından hazır olduğunu dəfələrlə sübut etdi. Filmlərdə mütəmadi olaraq çəkilməklə, yorulmadan nailiyyətlərə imza atmaqla kinonun alın yazısı olduğunu hər ötən gün isbatladı.

 

Hələ uşaq yaşlarından kinosevərlərin qəlbini ovsunlayan, 15 tammetrajlı filmdə, bir çox “Mozalan” kinosüjetində maraqlı, xarakterik obrazlar yaradan, məşhurluq kodeksinin daşıyıcısına çevrilən Ceyhun Mirzəyev kino sənətinin incəliklərinə tez bir zamanda bələd olduğundan bir müddət sonra rejissorluq fəaliyyətinə başlamağı qərara alır. Bir neçə filmdə (“Axırıncı aşırım”, “Vacib müsahibə” və s.) rejissor assistenti kimi çalışdıqdan sonra “Mozalan” studiyasında rejissor kimi bədii və sənədli süjetlər çəkir. Bədii kinoda üç tammetrajlı (“İşarəni dənizdən gözləyin”, “Bəyin oğurlanması” (Vaqif Mustafayevlə birgə) və “Fəryad”) film ekranlaşdırmaq qismətinə yazılan sənətkar əqidə kodeksinin peşəkarlıq olduğunu bir daha təsdiqləyir. Yaradıcılıq taleyinə korifey kino rejissorları ilə işləmək düşən, milyonların sevgisini qazanan Ceyhun Mirzəyev ona bəxş olunan şansdan müdrikliklə istifadə edir. Sahib olduğu sənətinin məsuliyyətini dərindən dərk etdiyinə görə yaradıcılığını yaddaşlarda, sənət dostları və ətrafı ilə hörmətlə davrandığına görə isə ömür yolunu xatirələrdə əbədiləşdirir.   

 

 

 

Bir ömürlük xatirə

 

 

 

Kino fəaliyyətini sevərək izlədiyimiz, həyat missiyasını örnək aldığımız kino fədaisinin fərdi xüsusiyyətlərinə, mənəvi dünyasına daha yaxından bələd olmaq üçün sənət dostlarının xatirələrinə istinad edək.

 

Əməkdar incəsənət xadimi, kinorejissor, uzun illər “Mozalan” studiyasında baş redaktor kimi çalışmış Ziyafət Abbasov: “Ceyhunla çox yaxın dost idik. Demək olar ki, onun fəaliyyətinin çox hissəsi “Mozalan”da olub. Baxmayaraq ki, “Mozalan” studiyasında həmin vaxtlar rejissor ştatı yox idi, amma o, həmin studiyada rejissor kimi süjetlər çəkirdi. Mən ora baş redaktor təyin olunduqdan sonra onu “Mozalan”a bədii rəhbər təyin etdim. İşinə o qədər məsuliyyətli yanaşırdı ki, hamı ondan soruşurdu, öyrənirdi. İşində çox səliqə-sahmanlı idi metodu da başqalarından çox fərqlənirdi. Çəkdiyi süjetlərə, özünə qarşı tələbkar idi. Sənədli süjetlər çəkəndə çalışırdı ki, həmin süjetlərdə problemli məqamları dəqiqliklə göstərsin. Bunu da hər rejissor bacarmır. Aktyorlarla işləməyi çox sevdiyinə görə bədii süjetlərə xüsusi maraq göstərirdi. Bədii kino yaradıcılığına daha yaxın olduğu üçün çalışırdı ki, bədii süjetlər çox çəksin.

 

Az hallarda olar ki, işdə bütün kollektiv kimisə çox istəsin. Onu isə kinostudiyanın bütün kollektivi sevirdi. Heç kimin xətrinə dəymirdi. Nadir adamlardandır ki, həm aktyor, həm də rejissor kimi sevilirdi.

 

Heç vaxt nə istədiyini dilə gətirmirdi. Çox istəyirdi ki, tammetrajlı bədii filmlər çəksin. Ancaq demirdi. Bu mənada özünə çəkilmiş adam idi. 1970-80-ci illərdə kinostudiyada kino rejissoru çox olduğuna görə ona növbə az çatırdı. Ümumiyyətlə, xalq Ceyhunu daha çox aktyor kimi tanıdı, sevdi. Təkcə “Ögey ana” filmindəki İsmayıl rolu ilə o, kinonu xalqa sevdirdi deyə bilərik. Mən onu “Ögey ana” filmindəki İsmayıl roluna görə sevmişdim. Sonra qismət oldu, bir yerdə işlədik. Həyatdan da İsmayıl kimi getdi. Ölümü mənim üçün çox ağır oldu. “Fəryad” filminin montaj prosesində fasilə zamanı yanıma gəlirdi, birlikdə çay içirdik. Görürdüm ki, filmin taleyi barədə çox narahatdır. Deyirdim, hər şey yaxşı olacaq, darıxma. Deyirdi, imkanım olsaydı, bəzi epizodları yenidən çəkərdim. Görünür, montaj vaxtı ekranda gördüyü səhvlərini düzəltmək istəyirdi. Heyf ki, sonuncu filmini görmək ona qismət olmadı. Dünyasını tez dəyişdi”.

 

“Azərbaycanfilm” kinostudiyasında uzun illər icraçı prodüser kimi çalışan Tərlan Babayev: “Ceyhun Mirzəyev kimi adam tarixə az-az gəlir. İlk baxışda ciddi görünsə də, sadə və gülərüz adam idi. Müsbət aurası var idi. Daim bizimlə zarafat edir, lətifə danışırdı. İş otağımız yanaşı olduğuna görə hər gün görüşürdük. Mənə elə gəlirdi ki, səhər Ceyhunla rastlaşdığım üçün həmin gün uğurlu olub.

 

Kinostudiyaya gələndə mənim 25 yaşım vardı. Həmin vaxtlarda “Lətifə” (1989) filmi çəkilirdi. Ceyhun bu filmdə Məmmədov rolunu oynayırdı. Onun təkidi ilə məni  həmin filmdə rəngsaz roluna çəkdilər. Kinoya ilk dəfə çəkildiyimə görə sıxılırdım. Belə olan halda o, mənə kamera qarşısında sərbəst olmağı, normal rol oynamağı öyrədirdi. Özü roluna ciddi yanaşırdı, çəkilişdən əvvəl məşq edirdi. Həmin anda heç kimlə ünsiyyət qurmurdu. Fikri obrazda olurdu. Çəkiliş başlayanda tam hazır olurdu. Yaradıcılığına həmişə məsuliyyətlə yanaşdığına görə rolları yaşarı alınırdı.

 

1989-90-cı illərin ağır dönəmlərində Ceyhun gərgin hadisələrlə bağlı hər gün mətbuatı oxuyur, fikrini bizimlə bölüşürdü. Çox vətənpərvər insan idi. Hadisələrlə bağlı narahatlıq keçirirdi. İş otaqlarımız yanaşı olduğuna görə hərdən bizimlə çay içməyə gəlirdi. Ayaqlarında olan ağrılar onu çox incidirdi. Yadımdadır, “Fəryad” filminin bir çox çəkilişləri pavilyonda aparılırdı. Filmin baş qəhrəmanı İsmayılın daxili sarsıntılarını çəkiliş boyu o, hiss edərək yaşayırdı. Onu tanıdığım vaxtdan həmişə gülərüz görmüşdüm. Amma bu filmin çəkilişləri başlayandan sonra həmişə fikirli, ciddi olurdu. Hiss olunurdu ki, tamamilə filmdəki hadisələrə köklənib”.

 

Əməkdar mədəniyyət işçisi, qrim rəssamı Elbrus Vahidov: “Mən Ceyhunla “İşarəni dənizdən gözləyin”, “Bəyin oğurlanması”, “Fəryad” filmlərində işləmişəm. Çox yaxın dostluq münasibətimiz vardı. Məndən yaşca böyük olsa da, səmimi münasibətimizə görə yaş fərqi hiss olunmurdu. Kinostudiyaya gələndə birinci mənim yanıma gəlirdi. Onun da atası hərbçi olmuşdu, mənim . Söhbətlərimizin birində məlum oldu ki, atalarımız vaxtilə dost olublar. Bəli, həyat təsadüflərlə doludur.

 

O, həmişə məşhurluğu ilə fəxr edirdi. Gülümsəyərək deyirdi ki, məşhurluğuma görə şəhərə çıxa bilmirdim. Məni harada görürdülər, evlərinə qonaq çağırırdılar. Bir müddət kinoda rolu olmadı. Buna görə kədərlənirdi, amma büruzə verməməyə çalışırdı. Çox mülayim insan idi. Heç kimin xətrinə dəyməzdi. Aktyorlara rolu incəliyinə qədər izah edirdi. Özü rollarını hiss edərək yaradırdı, filmlərini inandırıcı çəkirdi. “Fəryad” filminin çəkilişi zamanı dəfələrlə ona, özün qaçma, çox hərəkət etmə, dublyordan istifadə et, deyirdik, amma o, razılaşmırdı. Deyirdi, yox bütün hadisələri hiss edərək oynamalıyam. Çox həssas insan idi. Heyf ki, filmi görmədi”.

 

Əməkdar artist Elşən Rüstəmov: “Ceyhun Mirzəyevi “Ögey ana” filmindəki İsmayıl obrazına görə sevmişdim. Ağlıma gəlməzdi ki, vaxtsa bir yerdə işləyəcəyik. Bir gün kinostudiyada mənə yaxınlaşdı “Fəryad” filminin sınaq çəkilişinə dəvət etdi. “Obraz filmin qəhrəmanının (İsmayılın) gözünün önünə gələn simvolik roldur, xronometraj etibarilə qısa, amma əhəmiyyətlidir” dedi. Çəkilişlər Şamaxıda aparılırdı. Mən həmin vaxtlar at sürməyi bilmirdim. Bununla belə, kənddə bir günə at sürməyi öyrəndim. Ertəsi gün qaldığım kənddən çəkiliş meydançasına atla gəldim. Orda isə mənə Bakıdan gətirilmiş başqa, hündür bir at verdilər. Ona yaxınlaşmaq olmurdu. Çox kaprizli idi. Buna baxmayaraq, onu ram etdim atla birlikdə alovlar içərisində lazım olan epizoda çəkildim. Heyf ki, çəkildiyim səhnələrdən filmə az kadrlar salındı. Ceyhun müəllim çox həssas insan idi enerjisini biz aktyorlara ustalıqla ötürə bilirdi. Yadımdadır, çəkiliş zamanı çox hiddətlənirdi, ermənilərin xalqımıza qarşı törətdiyi qətllərdən danışır, soydaşlarımızın amansızlıqla öldürüldüyünü vurğulayır, emosiyalarını saxlaya bilmirdi. Çəkiliş prosesindəki narahatlığını, həyəcanını, kollektivlə olan xoş rəftarını unutmaq qeyri-mümkündür. Onu daim qanı, canı ilə sənətinə bağlı olan böyük aktyor rejissor kimi xatırlayacağam”.

 

Şəhla ƏMİRLİ

kinoşünas

 

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.7.