Fırçasını Nizami qələmi ilə birləşdirən rəssam

Nizaminin Eşqi ağıllı, müdrik, dünyada harmoniya, mütənasiblik yaradan fəlsəfi eşqdir. Və bu Eşq nə qədər İlahidirsə, o qədər həyati; nə qədər həyatidirsə, o qədər İlahidir deyir akademik Nizami Cəfərov. Alimin fikrincə, Nizaminin dahi bir şair-mütəfəkkir kimi yetişməsinin əsas qaynağı doğma ümumtürk epos yaradıcılığı ənənələridir ki, Xəmsənin hər bir poemasında özünü bütün miqyası, parlaqlığı ilə göstərir.

 

Nizaminin poemaları zəngin ideyalar qaynağı olmaqla yanaşı, bir sıra yaradıcılıq sahələrinin inkişafına mühüm təsir göstərib. Xüsusilə də Orta əsrlərdən üzü bəri miniatür sənətində Nizami mövzuları geniş əksini tapıb. Çağımızda da mütəfəkkir şairin ölməz əsərləri müxtəlif yaradıcılıq sahələrində müraciət olunan qaynaqlardandır.

 

Miniatür sənətində Nizami yaradıcılığına dönə-dönə müraciət edən sənətkarlardan biriM.Füzuli adına Əlyazmalar İnstitutunun baş rəssamı Fəxrəddin Əlidir.

 

Bu günlərdə qocaman rəssamın qonağı olduq. 83 yaşlı fırça ustası bizi çox şən əhvalla qarşıladı.

 

Fəxrəddin Əli çətin, mürəkkəb, eyni zamanda şərəfli bir ömür yolu keçib. Həyatda hər bir uğura savadı, təcrübəsi və zəhmətsevərliyi sayəsində nail olub. O, mədəni irsimizə hörmətlə yanaşan sənətkardır. Bu gün də titrəyən əllərindən fırça düşmür. Rəssamla söhbətimizə başlamazdan əvvəl işlədiyi kitablarla tanış oluruq. Nizami Gəncəvinin Sirlər xəzinəsi, XosrovŞirin, Leyli və Məcnun əsərləri. Nizami irsinin mahir bilicisi, akademik Teymur Kərimlinin Sirlər xəzinəsinə yazdığı ön sözdə bu sətirlər diqqətimizi çəkir: Keçən yüzilliyin 40-cı illərində böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuş Qılınc və qələm romanında xalqımızın xoşbəxtliyi uğrunda qılınc çalmış sərkərdə Fəxrəddini və qələm çalmış şair Nizamini əsərinin baş qəhrəmanları kimi vəsf etmişdir. 80 ildən sonra rəssam Fəxrəddin meydana çıxdı və fırçasını Nizami qələmi ilə birləşdirmək qərarına gəldi.

 

Akademik dahi şairin əsərlərinə müxtəlif rəssamlar tərəfindən çəkilmiş miniatürlər, illüstrasiyalardan söz açaraq Fəxrəddin Əlinin miniatürlərinin bu ənənənin layiqli davamı olduğunu vurğulayır: Heç şübhə etmirik ki, Fəxrəddin Əlinin miniatürləri də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz irsinin qlobal miqyasda təbliği yolunda öz üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gələcəkdir.

 

Fəxrəddin Əli Şərq klassikasına bələd rəssam kimi sənət duyğularını Nizami Xəmsəsinə ərməğan edib. Bu seriyadan ilk kitab AMEA-nın təşəbbüsü ilə 2017-ci ildə Şərq-Qərb nəşriyyatında nəfis tərtibatla çap olunub. Kitabda Xəmsəyə daxil olan ilk poema Sirlər xəzinəsi və Fəxrəddin Əlinin əsərə çəkdiyi miniatürləri toplanıb. Daha sonra XosrovŞirin, Leyli və Məcnun üçün işlənmiş miniatürlər yaranır və çap edilir.

 

Ümumiyyətlə, Fəxrəddin Əli Sirlər xəzinəsindəki 20 hekayət əsasında 20 miniatür çəkib. Rəssam bu əsərlərdə dahi şairin sözlərlə ifadə etdiyi mətləbləri rənglərin dili ilə böyük ustalıqla əks etdirib.

 

Rəssam eyni zamanda Dədə Qorqud dastanına, habelə Ə.Təbrizi, M.Füzuli, Y.Əmrə, Ə.Marağayi, S.Urməvi, Ə.Nəvai, M.P.Vaqif, M.F.Axundzadə, Ə.Nəbati, M.Şəhriyar, Aşıq Veysəl və başqa sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına miniatürlər çəkib. Müəllif yüksək zövqlə, zəhmətlə yaratdığı işlərlə bizi tanış edir. Rəssamın Ə.Vahidin qəzəllərinə işlədiyi miniatürləri şairin 120 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunub. Bu kitabda müəllifin 153 miniatürü yer alıb. Nəsimi ili (2019) ilə əlaqədar Nəsimi yaradıcılığına geniş müraciət edib. Bu il dövlət başçısının sərəncamı ilə Aşıq Ələsgərin 200 illiyi qeyd olunur. Rəssam artıq Dədə Ələsgərin şeirlərinə 100 miniatür hazırlayıb və işlər çapını gözləyir.

 

Bir-birindən dəyərli nəşrlərdə valehedici miniatürlərin cazibəsindən ayrılıb rəssamla söhbətə başlayırıq.

 

 

Nizami özü diktə edir və mən miniatürü çəkirəm

 

 

Fəxrəddin müəllim, Nizami dünyasına vurğunluğunuz ilk baxışdan bəlli olur...

 

Nizami Gəncəvinin Xəmsəsinə miniatürlər çəkdim. Bu kitablar nəfis tərtibatda AMEA tərəfindən çap etdirilib. Sirlər xəzinəsi, Leyli və Məcnun, XosrovŞirin böyük maraqla qarşılanıb. Qarşıda Yeddi gözəl və İsgəndərnamə öz nəşrini gözləyir. Nizami elə gözəl şair olub ki, oxuduqca deyirəm bunlardan birini də Azərbaycan dilində yazaydın kaş... Elə siz gəlməzdən əvvəl kitabı vərəqləyirdim. Əsərdə qeyd olunur ki, Leyli və Məcnun hər ikisi türk qəbiləsindəndir. Bu mənim diqqətimi ən çox çəkən məqamlardan biridir. Bu kitablardakı miniatürlər mənim titrəyən əlimin məhsuludur. Kitablarda Nizami xalçasının fotosunu da görə bilərsiniz. Bu xalçanı vaxtilə öz əlimlə toxumuşam. Bütün bu işlər mənim Nizami irsinə xidmətimdir.

 

 

Hər bir əsərin özəlliyi var. Bu əsərləri işləyəndə hansı hissləri yaşamısınız?

 

Hər kitabı işləyəndə demişəm ki, Allah sənin məzarını çiçəyə qərq etsin. Sən necə dahi imişsən. Heç bir dünya ədəbiyyatı klassiklərini onunla müqayisə edə bilmirəm. Nizami bir vergidir. Mən ixtisasca həm də şərqşünasam. Əlyazmalar İnstitutunda çalışıram. Bütün klassikləri orijinaldan oxumağa imkanım olub. Nizamiyə gələndə isə mən göz yaşlarımı saxlaya bilmirəm. XII əsrdən gələn bir insan əsrlərdir böyüklüyünü qoruyub. Mən onun yazdıqlarını çəkmişəm. Nizami də, Nəsimi də, Füzuli də qüdrət sahibidir və onları Tanrı Azərbaycana pay verib.

 

 

Bu gün sizin yaradıcılıq yolunuzu davam etdirən tələbələriniz varmı?

 

15 il Rəssamlıq Məktəbində dərs dedim. Xalça, miniatür, qobelen sahələrini çox gözəl bilirəm, çoxlu işlərim var. Amma tələbələrdən, əfsus ki, sırf miniatür üzrə davam etdirənlər olmadı. Bu, çox çətin və incə sənətdir. Azərbaycanda hazırda Xalq rəssamı Arif Hüseynov miniatür işini davam etdirən özünəməxsus üslublu rəssamdır.

 

 

Sizin miniatürlər hansı özəlliyi ilə seçilir?

 

Azərbaycanda rəssamlıq təhsili Qərb mədəniyyəti, Avropa rəssamlığı ilə bağlıdır. Yaradıcılığımda Qərblə Şərqin vəhdətini nümayiş etdirirəm. Şərq çox nəhəngdir, sirli bir aləmdir. Şərq həm də sənətkarlar, dahilər məskənidir. Miniatür sənətində Behzad, Sultan Məhəmməd, Müzəffərəddin kimi məşhur adlar var. Məlumdur ki, Yaxın və Orta Şərqin bir sıra ölkələrində də miniatür sənəti inkişaf edib. Farslarda da miniatür var. Amma bizim Təbriz miniatür məktəbi bunların hamısının tacı sayılır.

 

 

Bu rənglərin sirri nədədir?

 

Sirri elə özümdədir. Parlaq və qırmızı rənglərə üstünlük vermişəm hər zaman. Moskvada oxuduğum zaman tələbə dostlarım çox vaxt mavi rəngdən istifadə edirdilər və mənim bu rənglərə müraciətim onlarda maraq doğurardı. Deyirəm ki, bu rənglərə bağlılıq bizim kökümüzdədir. Miniatürdəki rənglərə sevgimiz günəşdən enerji alır.

 

 

Miniatürləri hansı texnika ilə işləyirsiniz?

 

Əsasən, ağac rənglərindən istifadə edirəm - tempera texnikasından. Bu, suda həll oluna bilən yapışdırıcı maddəli rəngli piqmentlərdən ibarət davamlı, tez quruyan rəssamlıq texnikasıdır. Bu rənglər elədir ki, suya da salınsa silinib getmir.

 

 

Nizaminin əsərlərinə miniatürlər çəkərkən çətinlik olmur ki?

 

Xeyr, Nizami özü diktə edir və mən miniatürü çəkirəm. Bir az fantaziyamı əlavə edirəm və beləcə, əsərlər öz axarı ilə yaranır.

 

Rəssamın Nizami mövzusunda miniatürlərinə nəzər yetirdikdə görürük ki, o bu işdə yüksək intellektual səviyyəsinə, geniş dünya görüşünə əsaslanır. Fəxrəddin müəllimin fırça ustası olmaqla yanaşı, söz sərrafı olması da əsərlərinin uğurlu alınmasında önəmli rol oynayır.

 

Sənətkar bildirir ki, bu günlərdə AMEA-ya getməli, növbəti iki əsəri Yeddi gözəl və İsgəndərnamənin çapa hazırlığı ilə bağlı fikirlərini bölüşməlidir. Növbəti görüşümüzdə Nizami Xəmsəsinin tam variantını səhifələmək arzusu ilə rəssama möhkəm cansağlığı diləyib ayrılırıq.

 

L.AZƏRİ

 

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.5.