Tanınmış alim və mədəniyyət xadimi Adilxan Bayramov vəfat edib

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış mədəniyyət xadimi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov 2021-ci il aprelin 14-də, 72 yaşında vəfat edib.

 

Adilxan Bayramov 1949-cu il fevralın 19-da Gürcüstanın Marneuli rayonunun (Borçalı mahalı) Sadaxlı kəndində anadan olub. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini bitirib. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb.

 

Əmək fəaliyyətinə 1979-cu ildə Səməd Vurğunun Ev-Muzeyində elmi işçi olaraq başlayıb. 1980-2006-cı illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışıb. 2007-ci ildən 2018-ci ilədək Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin (indiki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi) direktor müavini vəzifəsində işləyib. Uzun illər nazirliyin Ekspert komissiyasının üzvü olub.

 

Ömrünün 40 ilə yaxın bir dövrünü mədəni irsimizin qorunması və təbliği sahəsinə həsr edən alim beynəlxalq elmi konfrans və seminarların, respublika festival və baxış-müsabiqələrinin, sərgilərin təşkilində, yeni mədəniyyət müəssisələrinin, o cümlədən tarix-diyarşünaslıq və xatirə muzeylərinin yaradılmasında fəal iştirak edib. Adilxan Bayramov mədəniyyətşünaslığın nəzəri məsələləri muzey işi, teatr sənəti, təsviri incəsənət, Azərbaycan xalçası, habelə etnoqrafiya ilə bağlı diqqətəlayiq araşdırmalar aparıb. Yaşayan ömür, Vurğun ocağı, Heydər Əliyev və muzeylərimiz, Tariximiz, yaddaşımız, sərvətimiz və s. kitabların, Ədəbi-xatirə muzeyləri, Tarix-diyarşünaslıq muzeyləri, Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər) adlı metodiki vəsaitlər və bu mövzularda çoxsaylı elmi məqalələrin müəllifidir.

 

1990-cı ildə Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu mövzusunda namizədlik (fəlsəfə doktoru), 2007-ci ildə Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. O, həmçinin Azərbaycan və rus dillərində nəşr olunmuş Üzeyir Hacıbəyov ensiklopediyasının müəlliflərindən biri olub.

 

Adilxan Bayramov Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi Rəyasət heyətinin, Qarapapaqlar (Gürcüstan) dərgisinin redaksiya heyətinin üzvü idi.

 

Adilxan Bayramovun işıqlı xatirəsi elm və mədəniyyət ictimaiyyətinin qəlbində əbədi yaşayacaq.

 

Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2021.- 16 aprel.- S.4.