Bəstəkarlar İttifaqında Nizamimusiqi mövzusunda elmi konfrans

Aprelin 14-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda Nizamimusiqi mövzusunda elmi konfrans keçirildi. Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşdu.

 

Tədbiri Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açdı. O, konfransın mövzusuna keçməzdən əvvəl pandemiya dövründə təşkilatın fəaliyyətinə qısa nəzər saldı. Bildirdi ki, ötən müddətdə ittifaqın üzvləri vəziyyəti nəzərə alaraq Evdə qal evdə yarat! devizi ilə yaradıcılıq işlərini davam etdirib, həmçinin bir sıra onlayn layihələr, müsabiqələr və s. keçirilib. Bununla belə, mövcud şəraitdə hələlik kütləvi musiqi tədbirlərinin təşkili mümkün deyil. Bu səbəbdən 2020-ci ildə olduğu kimi, yəqin ki, bu il də İpək yolu Beynəlxalq Musiqi Festivalını (ənənəvi olaraq iyun ayının sonu iyulun əvvəlində təşkil olunub red.) keçirə bilməcəyik.

 

Çıxışına davam edən ABİ sədri konfransın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bəşər bədii fikrinin dahisi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, mənəvi dünyamızın ayrılmaz hissəsinə çevrilib. Nizami poeziyasının təsiri ilə bir çox bəstəkarlar şairin poemaları və qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar yazıblar.

 

Vurğulandı ki, Prezident İlham Əliyevin dahi şairin 880 illiyi ilə əlaqədar 2021-ci ili Nizami Gəncəvi İli elan etməsi bəstəkar və musiqişünaslar qarşısında da yeni vəzifələr qoyuronlar əlamətdar yubileyə öz töhfələrini vermək üçün yeni əsərlər üzərində çalışırlar.

 

Nizami yaradıcılığından bəhrələnmiş bəstəkarların əsərlərinin böyük bir siyahısı olduğunu deyən Firəngiz Əlizadənin sözlərinə görə, elə əsərlər var hələ də səsləndirilməyib, musiqişünas alimlər tərəfindən isə hələ araşdırılmayıb. Bu qəbildən olan əsərlərin səsləndirilməsi və araşdırılması lazımdır. ÖzününNizami yaradıcılığından bəhrələnərək yeni əsər üzərində işlədiyini qeyd edən ABİ sədri Nizami ilində bu qəbildən olan nümunələrin siyahısının daha da genişlənəcəyini bildirdi.

 

Sonra Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın Qara Qarayev yaradıcılığında Nizami mövzusu, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının Fikrət Əmirovun yaradıcılığında Nizami irsi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin Üzeyir Hacıbəylinin Sənsiz və Sevgili canan romans-qəzəllərində musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabovanın Səadət Abdullayevanın Nizamidə musiqi, musiqidə Nizami kitabına bir nəzər, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru Aytac Rəhimovanın Nizaminin dövründə incəsənətin qarşılıqlı əlaqələri, Fidan Nəsirovanın Z.Hacıbəyovun Nizami Gəncəvinin İsgəndərnamə poeması əsasında yazılmış Nüşabə operası mövzusunda məruzələri dinlənildi.

 

Çıxış və məruzələrdən sonra Əfrasiyab Bədəlbəylinin Nizami operasından Əzranın ariozosu, Rənanın balladası səsləndirildi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 16 aprel.- S.3