Gənclər Kitabxanası Cəfər Cabbarlı. Biblioqrafiya nəşrini təqdim edib

 

2019-cu ildə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, şair, ssenarist, tərcüməçi, incəsənət xadimi Cəfər Cabbarlının 120 illiyi tamam oldu. Bu münasibətlə ölməz sənətkarın adını daşıyan Respublika Gənclər Kitabxanası Cəfər Cabbarlının biblioqrafiyasını yenidən işləmək qərarına gəlib və bu istiqamətdə araşdırmalar iki ilə yaxın davam edib. Gərgin zəhmət və axtarışlar nəticəsində ərsəyə gələn biblioqrafiya onun yaradıcılığını və haqqında yazılmış materialların 1907-2020-ci illərini əhatə edir.

 

Dörd mindən yuxarı mənbəni əhatə edən, ümumi və 4 xüsusi hissədən ibarət olan biblioqrafiyanın layihə rəhbəri Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, elmi redaktoruön sözün müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, elmi məsləhətçi tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi, tərtibçilər kitabxananın əməkdaşları Tamella Məmmədova və Yeganə Sadıqlıdır.

 

Biblioqrafiyanın ümumi hissəsində ölkə başçısının Cəfər Cabbarlının 120 illiyi haqqında sərəncamı, göstərici haqqında qısa məlumat, Əbədiyaşar sənətkar adlı ön söz, Cəfər Cabbarlının həyat və yaradıcılığının əsas tarixləri, ədibin seçilmiş fikirləri görkəmli şəxsiyyətlərin Cəfər Cabbarlı haqqında söylədikləri fikirlər təqdim olunur.

 

Biblioqrafiyanın 9 yarımbölmədən ibarət olan I hissəsi C.Cabbarlının Azərbaycan dilində çap olunmuş əsərlərini əhatə edir. Burada sənətkarın kitabları, kitablarda, dərsliklərdə, məcmuələrdə və dövri mətbuatda dərc edilmiş əsərləri, məqalələri, çıxışları, məktubları, müsahibələri, xatirələri və tərcümələrinin çap olunduğu mənbələr xronoloji ardıcıllıqla verilib.

 

Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında adlı ikinci hissədə 12 yarımbölmədə ədibin irsi haqqında yazılan kitab, məqalə, monoqrafiya, dissertasiya, sözlərinə yazılmış mahnılar və s. haqqında biblioqrafik təsvirlər qruplaşdırılaraq təqdim olunub.

 

Vəsaitin Əlavələr bölməsində Elektron kitablar, Filmoqrafiya, Arxiv materialları, İzomateriallar, İnternet resursları və Cəfər Cabbarlının gizli imzaları yarımbölmələri də verilib.

 

Biblioqrafiyanın III hissəsini sənətkarın əsərləri, həyatı və yaradıcılığı haqqında rus və digər dillərdə olan materialların siyahısı təşkil edir.

 

Biblioqrafik göstəricidə ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında, əlifba sırası ilə təqdim edilib. Vəsaitdə ilk dəfə Cəfər Cabbarlı dünya kitabxanalarında bölməsi də verilib.

 

Nəşrdən istifadəni asanlaşdırmaq məqsədilə tərtib edilən Köməkçi göstəricilər adlı IV hissə Azərbaycan və rus dilində olmaqla iki bölmədən ibarətdir.

 

Biblioqrafiyanın tərtibçiləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, M.F.Axundzadə adına Milli Kitabxana, AMEA Mərkəzi Elmi Kitabxanası, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, BDU, ADPU və ADMİU-nun kitabxana fondlarından, internet resurslarından, C.Cabbarlının Ev-Muzeyi, C.Cabbarlı adına Dövlət Teatr Muzeyi, M.Füzuli adına Əlyazmalar İnstitutunun, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə ediblər.

 

Mədəniyyət.- 2021.- 16 aprel.- S.6.