Teatr Muzeyində Nəsibə Zeynalovanın 105 illik yubiley axşamı

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycan teatrkino sənətinin unudulmaz korifeyi, Xalq artisti Nəsibə Zeynalovanın 105 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan TurizmMenecment Universiteti tələbələrinin də qatıldığı tədbirdə sənətkarın həyat və yaradıcılığı barədə ətraflı söhbət açılıb. Bildirilib ki, N.Zeynalovanın sənət fəaliyyətinin ən parlaq dövrü Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışdığı illərdir.

 

Yaratdığı bir-birindən rəngarəng rollarla tamaşaçılar tərəfindən sevilən, müxtəlif obrazlarla qonaq olduğu bütün evlərdə, ocaqlarda ürəkləri fəth edən aktrisanın əziz xatirəsi hər zaman məhəbbətlə yad ediləcək və xalqın yaddaşından silinməyəcək.

 

Tədbir zamanı Nəsibə Zeynalovanın muzeyin fondunda saxlanılan fotolarından ibarət videoçarx nümayiş olunub. Eyni zamanda Hicran musiqili komediyasından, Ögey ana, Böyük dayaq və Qayınana filmlərindən fraqmentlər göstərilib.

 

Xalq artisti Tofiq Quliyevin Qayınana filminə bəstələdiyi Biz mehriban ailəyik mahnısının səslənməsi xatirə axşamına rəng qatıb.

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.1.