Rəsulzadənin Azərbaycan şairi Nizami əsərinə həsr olunmuş dəyirmi masa

 

Xəzər Universitetinin Xəzərin ədəbiyyat səyyahları ədəbi-fəlsəfi məclisi Lənkəran Peşə Liseyinin müəllim və tələbə heyəti ilə birgə Məhəmməd Əmin Rəsulzadə və onun Azərbaycan şairi Nizami əsəri mövzusunda onlayn dəyirmi masa keçirib.

 

Nizami Gəncəvi İli çərçivəsində tədbiri universitetin müəllimi, şair, tədqiqatçı Qardaşxan Əzizxanlı açaraq Rəsulzadənin kitabında Nizaminin hissiyyat, düşüncə cəhətdən bir Azərbaycan şairi olmasının arqument və dəlillərlə sübut edildiyinə diqqət çəkib. Cümhuriyyət qurucusunun nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə babasının müstəqil Azərbaycan uğrunda etdiyi mücadilədən, həyat yolundan danışıb, böyük istiqlalçı tərəfindən səpilən toxumların öz bəhrəsini verdiyinibundan sonsuz fərəh duyduğunu söyləyib, tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.

 

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova Rəsulzadənin ədəbi-tənqidi görüşlərinin və Azərbaycan şairi Nizami əsərinin tədrisindən danışaraq, onun böyük siyasət adamı olması ilə bərabər ustad ədəbiyyatşünas olduğunu vurğulayıb. Şair ruhlu yenilməz insanın Mayıs duyğuları şeirini özünəməxsus intonasiya ilə tədbir iştirakçılarına çatdırıb.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova hələ tələbə olarkən bu əsərdən referat yazdığını deyərək, həm Nizami, həm də Rəsulzadə irsinə müraciət olunması anlamında tədbiri ikiqat əhəmiyyətli adlandırıb.

 

Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, liseyin müəllimləri Sevda Ağayeva, Etibar Nəhmətli Rəsulzadə irsinin xüsusən də gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıblar. Xəzər Universitetinin İqtisadiyyatmenecment fakültəsi tələbələrinin Azərbaycan şairi Nizami əsəri ilə bağlı təqdimatları da maraqla qarşılanıb.

 

Tədbirin sonunda nizamişünaslığa böyük töhfə olan bu əsərin ingilis dilinə tərcümə olunması barədə təklif irəli sürülüb.

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.7.