Sərrast atıcı

Şahin Şamil oğlu Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2000-2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirib. 2012-2014-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə xidmət keçib.

 

Xidmət dövründə çevikliyi, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə təşəkkürnamə ilə təltif olunub.

 

Şahinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. Çünki oxuduğu orta məktəbdə adı əbədiləşdirilən Birinci Qarabağ müharibəsi şəhidi İntizam Rəhimovun döyüş yolu, fədakarlığı haqqında çox eşitmişdi. Ona görə də Vətən torpaqlarının işğaldan azad olunması üçün həmişə hazır idi. 2016-cı ilin Aprel döyüşləri başlayanda sərrast atıcı kimi orduya çağırılmış, verilən tapşırıqların öhdəsindən layiqincə gəlmişdi.

 

Şahin Cəfərli 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlanan zaman səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilir. Onun da taleyinə bu müharibəsinin ən çətin əməliyyatlarından biri olan Murovdağın düşməndən təmizlənməsi yazılır. Bu ağır əməliyyatda da böyük ruh yüksəkliyi ilə, mərdliklə vuruşur. Oktyabrın 1-də düşmənin xain gülləsinə tuş gələrək şəhadət şərbətini içir.

 

Şahin uşaqlıqdan texnikaya böyük maraq göstərirdi. Atası Şamil Cəfərov deyir ki, oğlunun əkin-biçinə həvəsi vardı: Vətən müharibəsi başlamazdan öncə mənə yaxın müddətdə traktor alıb, təsərrüfat işləri ilə məşğul olacağını demişdi. Lakin arzusu yerinə yetmədi... Şahin 2019-cu ilin 28 oktyabrında ailə qurmuşdu. 2020-ci il dekabrın 23-də Şahinin ölümündən 53 gün sonra qızı dünyaya gözünü açdı. Çox təəssüf ki, oğlum övladını görə bilmədi. Ancaq nə etmək olar. Qismət belə imiş. Vətən sağ olsun.

 

Artıq Şahin də digər qəhrəman övladlarımız kimi rahat uyuya bilər. Çünki ən böyük arzusu gerçək oldu. Özü görməsə də, qüdrətli Ordumuz sayəsində düşməni döyüş meydanında məğlub edərək doğma yurdumuzu azad etdik.

 

Şahin Cəfərli oktyabrın 2-də doğulduğu Xalxalqışlaq kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra Vətən uğrunda, Hərbi xidmətlərə görə və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.6.