Qazaxıstandan Nizami Gəncəvi irsinə aid əlyazmaların surətləri gətiriləcək

 

Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov aprelin 16-da Azərbaycan Milli Kitabxanasında olub.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqla söhbət zamanı iki ölkə arasında olan dostluq əlaqələrinin mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığa da geniş zəmin yaratdığını vurğulayıb. Direktor Azərbaycan və Qazaxıstan milli kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsindən söz açıb.

 

K.Tahirov Milli Kitabxananın beynəlxalq əlaqələrindən də danışıb. Bildirib ki, 2019-cu ildə açılan Beynəlxalq əməkdaşlıq zalında 14 ölkənin tarixi, mədəniyyəti və incəsənətinə dair kitablardan ibarət daimi guşədə qazax ədəbiyyatı xüsusi yer tutur.

 

Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edən Serjan Abdıkarimov gələcək əməkdaşlıq barədə fikirlərini bölüşüb. Səfir bildirib ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək, birgə layihələr və tədbirlər keçirmək əsas məqsədlərdən biridir: Bu əməkdaşlıq kitabxanalarımız arasında da davam etdirilməlidir.

 

Görüşdə Kərim Tahirov Mədəniyyət NazirliyiMilli Kitabxananın Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı layihəsindən də söz açıb. Bildirib ki, layihə çərçivəsində dünyanın milli kitabxana və muzeylərindən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərinin əlyazmalarının rəqəmsal surətləri də Milli Kitabxanaya gətirilir.

 

Direktor Kərim Tahirov Qazaxıstanın Əlyazmalar İnstitutunda saxlanılan Nizami Gəncəvi irsinə aid əlyazmaların rəqəmsal surətlərinin Milli Kitabxanaya verilməsində səfirin köməyini xahiş edib. Səfir bu məsələ ilə bağlı dəstək göstərəcəyini bildirib.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

 

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.5.