İnklüziv teatr layihəsinin iştirakçıları ilə ilk görüş keçirilib

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İnklüziv teatr layihəsini həyata keçirir. Layihə UNESCO-nun Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı çərçivəsində qəbul edilib.

 

Teatrda layihə üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə ilk görüş keçirilib.

 

Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatr studiyasının nəzdində reallaşacaq İnklüziv teatr layihəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, yaradıcı heyətə uğurlar arzulayıb. Daha sonra o, teatr studiyasının bədii rəhbəri, Xalq artisti Şəfiqə Məmmədovanın salamlarını tədbir iştirakçılarına çatdırıb.

 

Layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru Rəcəb Məmmədov, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov İnklüziv teatr haqqında fikirlərini bölüşüblər.

 

İnklüziv teatr layihəsində iştirak etmək üçün seçilən gənclərdən Səssiz dünya işarət dilində danışan əlillərə və idmançılara dəstək İctimai Birliyinin təsisçisi, videobloger, maarifləndirici sosial çarxların müəllifi Mahmud Səfərov və birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, layihədə birliyin üzvləri üstünlük təşkil edirlər.

 

Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzulayıb, bu layihədə yaxından iştirak edəcəyini və dəstəyini əsirgəməyəcəyini deyib.

 

Qeyd edək ki, Akademik Musiqili Teatrının Yaradıcılıq studiyasının tərkibində fəaliyyətə başlayan İnklüziv teatr layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

 

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.3.