Sürücülükdən aktyorluğa gedən yol...

Əməkdar artist, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Xanlar Muradov. Bu ad yəqin ki, orta nəslin yaddaşında daha çox iz buraxıb, nəinki gənclərin. Teatrsevərlər onu ən çox televiziyadakı kiçik səhnəciklərdən, Səhər görüşləri, Komediyalar aləminə səyahət verilişlərindən gözəl xatırlayırlar. Yaşasaydı, bu il 75 yaşını qeyd edəcəkdi.

 

20 il bundan əvvəlin qəzetlərini səhifələyirəm. Bu qəzetlərdə vaxtilə aktyorun müsahibələri dərc edilib. Bir insan taleyi, bir aktyor ömrünün acılı-şirinli xatirələri əks olunub bu müsahibələrdə. Yeri gəlmişkən, aktyor haqqında dərc edilən qəzet nümunələrinin əldə edilməsində göstərdiyi köməyə görə Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanovaya bəri başdan təşəkkür edirəm.

 

Xanlar Muradov Azərbaycan teatrında öz yeri, öz çəkisi olan aktyorlardan biri idi. Onun özünəməxsus ifasını Musiqili Teatrın (əvvəlki Musiqili Komediya Teatrı) sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayırlar. Xanlar Muradov 1975-ci ildən dünyasının dəyişdiyi 2005-ci ilə qədər düz 30 il bu teatrda fəaliyyət göstərib, bir-birindən maraqlı obrazlar canlandırıb.

 

Xanlar Yunis oğlu Muradov 1946-cı il aprelin 30-da paytaxtın Qaradağ rayonunun Qobu qəsəbəsində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Musiqili Komediya Teatrında çalışıb. Sənət yoldaşları onu həmişə istedadına və yumor hissinə görə Məmmədsadıq Nuriyevə bənzədərmişlər. Sənətə gəlişi də qəribə olub. Hələ uşaq yaşlarından Bəşir Səfəroğlu, Əliağa Quliyev sənətinə vurğun olan Xanlar Muradov məktəb illərində özfəaliyyət dərnəklərində çıxış edib. İlk dəfə beşinci sinifdə oxuyanda məktəbin direktor müavini bir kişi ilə sinfə girib Anacan tamaşası hazırlanır və tamaşada iştirak üçün bir şagird lazımdır dedikdə ilk əlini qaldıran da elə Xanlar olur. İllər sonra həmin kişinin unudulmaz aktyor Məmmədağa Dadaşov olduğunu öyrənir...

 

Hərbi xidmətdən sonra bir müddət sürücü işləyən gənc Xanların arzusu aktyor olmaq idi. Bir gün televiziya efirində gördüyü elan həyatını dəyişir. Elanda bildirilirdi ki, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına müsabiqədən keçmək şərtilə yardımçı heyət tələb olunur. Xanlar teatrın direktoru Ağakişi Kazımovun qəbulunda olur. Müsabiqədən uğurla keçir.

 

Beləliklə, Sumqayıt teatrında fəaliyyətə başlayır. Beş il bu səhnədə 50-dən artıq obrazda çıxış edir. İlk dəfə N.Vəzirovun Müsibəti-Fəxrəddin faciəsinin tamaşasında səhnəyə çıxır. Bu tamaşada o, Barat Şəkinskaya və Rza Əfqanlı kimi tanınmış sənətkarlarla tərəf-müqabil olur. Beş il burada çalışır. Şeyda (Toy, S.Rəhman), Axund (Solğun çiçəklər, C.Cabbarlı), Sırodovey (Tribunal, A.Makoyonok), Yaqub (Həmyerlilər, A.Məmmədov), Silvester (Skapenin kələkləri, J.B.Molyer), Bədurəddin (Bu meydan, bu şeytan, F.Aşurov), Qələndərov (Gülməyən adam, Ə.Əsgərov), Şair (Paralelimin nəbzi, RHeydər) və s. obrazları ilə tamaşaçıların qəlbinə yol tapır.

 

Günlərin birində Şəmsi Bədəlbəylinin Sumqayıt teatrında tamaşaya baxmağa getməsi ilə onun üçün yeni yaradıcılıq üfüqləri açılır. Aktyor indiki Musiqili Komediya Teatrına dəvət edilir. 1975-ci ildən onun Bakı səhnəsində fəaliyyəti başlayır. Hər zaman komik rollar oynayan Xanlar Muradov bu teatrın səhnəsində Danabaş kəndinin əhvalatları tamaşasında Xudayar bəy obrazı və Sumqayıt teatrında Ağa Məhəmməd şah Qacarı yaratmaqla müxtəlif janrlı səhnə əsərlərində mükəmməl oynaya biləcəyini sübut edir.

 

Aktyorun Musiqili Teatrda yaratdığı bir çox obrazlar teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Molla Musa (Boşanaq, evlənərik, Ə.Kürçaylı, V.Adıgözəlov), Bəbirli (Özümüz bilərik, Ş.Qurbanov, S.Ələsgərov), Qulam (Həyətim mənim, həyatım mənim, C.Məmmədov, Ə.Abbasov), Vəli (Məzəli əhvalat, R.Qasımova), Mustafa (Nəğməli könül, X.Hasilova, E.Sabitoğlu), Qoçu Əsgər (O olmasın, bu olsun, Ü.Hacıbəyli), Əlimərdan (Gözün aydın, M.Əlizadə, F.Əmirov), Məhəmməd (Lotoreya, V.Səmədoğlu, A.Əzimov) və s. obrazlar Xanlar Muradovun sənət uğurları kimi yaddaşlara yazılıb. Musiqili Teatrda görkəmli səhnə ustaları Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan, Əzizağa Qasımovla tərəf-müqabil olan aktyor hər tamaşasını sevə-sevə, böyük yaradıcılıq eşqi ilə ifa edib.

 

Sənətkarın qızı Aygün Muradova ilə əlaqə saxladığımız zaman öncə qəzetimizə atasının xatirəsini yad etdiyimiz üçün öz təşəkkürünü bildirdi: Ailəmiz kiçik idi. Atam, anam, qardaşım və mən. Atam ailəsinə bağlı, qayğıkeş, mehriban idi. Çox mülayim xarakteri vardı. Qohum-qonşuya qarşı hədsiz mehriban olardı. Sənətinə çox bağlı idi. Bəzən rollarını onunla birlikdə məşq edərdik. Onun sənətinə olan sevgisinə heyrətlə yanaşırdım. Bəlkə elə bu səbəbdən də İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində təhsil aldım. Tez-tez ailəliklə tamaşalarının premyerasına gedirdik. Anam atamı çox sevirdi və sənətinə hörmətlə yanaşırdı. Obrazlarına birinci anamdan rəy istəyirdi. Zarafatla deyərdi ki, Tamam xanım bəyəndisə, demək, tamaşaçılar tərəfindən də bəyəniləcək. Anam bu il dünyadan köçdü... Atamın sənət dostlarından Siyavuş Aslan, Afaq Bəşiqızı, Kübra Əliyeva, Arif Quliyev, Yaşar Nuri, Ofeliya Məmmədzadə bizə qonaq gələrdilər. Qardaşım deyir ki, bəzən mənə işdə elə Xanların oğlu deyə müraciət edirlər. Nəvələri də babalarını tez-tez yad edirlər. Beş nəvəsi var. Atamın vaxtilə çalışdığı teatrlardan da çox razıyıq. Onu yad edirlər. 70 illik yubileyiniMusiqili Teatr qeyd etdi. Bu yubileyin keçirilməsində teatrın rəhbərliyi və Vidadi Həsənovun böyük zəhməti oldu.

 

Onu da qeyd edək ki, Xanlar Muradov teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Sənətkar 2005-ci il fevralın 5-də Bakıda vəfat edib.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.5.