Qarabağın “Bağalı” xalçası

 

Bu xalçaların təsvirinə avropalı rəssamların yaradıcılığında rast gəlinir

 

Qarabağ xalçaçılıq məktəbi Azərbaycan xalça sənətində özünəməxsus yer tutur. Qədim dövrlərdən Qarabağ elində toxunmuş xalçalar da xalqımızın zəngin dünyagörüşünün, sənət duyumunun göstəricisi olmuşdur.

 

Qarabağ xalça məktəbinə məxsus “Bağalı” xalçaları haqqında söz açacağıq. Əsasən XIX əsrdən toxunmağa başlanan bu xalçalar daha çox mərkəzindəki irihəcmli medalyonları ilə məşhurdur.

 

“Bağalı” xalçalarının əsasən qırmızı yerlikli olan ara sahəsində şaquli formada bir-birinin ardınca düzülmüş tısbağaya, yaxud da qurbağaya bənzər medalyon təsvir olunmuşdur. Bu cür medalyonlar əbədi həyatı simvolizə edir. Medalyonun mərkəzində yerləşən səkkizguşəli gölün içərisində “oxbaşı” elementi, bu elementin mərkəzində isə damğa təsvir olunmuşdur. Həmin gölün yuxarı və aşağı hissələrində əjdahanı simvolizə edən sxematik formalı elementlər verilmişdir. Medalyonun sağsol tərəfindəki ayağa bənzər çıxıntıların içərisi, bala haşiyələrə xas olan “siçandişi” elementləri ilə təsvir edilmişdir.

 

“Bağalı” xalçaları toxunarkən ara sahədə doldurucu elementlərdən o qədər də istifadə olunmurdu. Bu da tamaşaçının əsas diqqətini medalyonlara yönləndirirdi. Xalçanın qara yerlikli ana haşiyəsi altıləçəkli, səkkizləçəkli çiçəklərlə tərtib olunmuş, həmin çiçəklər bir-birinə budaqlar vasitəsilə birləşmişdir. Bu cür haşiyə bəzəklərinə “nəlbəkigül” bəzəyi də deyirlər. Şəkəri rəngli bala haşiyələrin kənarları “siçandişi” elementləri ilə sərhədləndirilmiş, içərisində isə kiçik formalı yarpaq motivləri verilmişdir.

 

“Bağalı” xalçalarının təsvirinə avropalı rəssamların yaradıcılığında da rast gəlmək mümkündür. Bu mənada alman əsilli Fransa orientalist rəssamı Eduard Rixterin ( Eduard Frederic Vilhelm Richter, 1844-1913) “Hərəmxanada” (İn the Harem) əsərini göstərmək olar. Digər orientalist rəssamlar kimi, Rixter şərqlilərin mədəniyyətini, məişətini dərindən araşdırmış, buna əsasən boyakarlıq əsərləri yaratmışdır. Bu qəbildən olan “Hərəmxanada” əsərində biz Şərq qadınlarının təsvirini, Şərq həyatını, məişətini görürük.

 

Əsərdə təsviri verilən xalça isə “Bağalı” xalçasıdır. Yuxarıda sadaladığımız bütün xüsusiyyətlər bu xalçaya da aiddir. Sadəcə burada haşiyə bəzəkləri fərqlidir. Rəssamın təsvir etdiyi “Bağalı” xalçasının şəkəri rəngli ana haşiyəsində “məşəl” elementi, onun sağ sol hissələrində “qayçı-balıq” adlanan dilikli yarpaq təsvirləri verilmişdir. Bala haşiyələrdə isə “mollabaşı” adlanan oxabənzər elementlərin təsvirini görürük. Bu cür rəsm əsərləri bir daha sübut edir ki, xalçalarımız təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində, o cümlədən Avropada da şöhrət tapmışdır.

 

Laçın ASLANOV

Dövlət Rəssamlıq Akademiyasının tələbəsi

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.7.