Film layihələri müsabiqəsi yekunlaşdı

 

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş Böyük Qayıdış qısametrajlı bədii, sənədli və animasiya filmi layihələri müsabiqəsinin sonuncu pitçinq (layihələrin müəlliflər tərəfindən təqdimatı) mərhələsi keçirildi.

 

Dövlət Film Fondunda keçirilən tədbirdə kinorejissor, Xalq artisti Vaqif Mustafayevin rəhbərlik etdiyi münsiflər heyəti təqdimatları izlədi, müəllifləri dinlədi.

 

Ölkəmizdə bu qəbil müsabiqələr tarixində ilk dəfə prosesi geniş ictimaiyyət də izləmək imkanı qazanmışdı. Layihələrin təqdimatı Dövlət Film Fondunun rəsmi Youtube kanalında canlı yayım formatında nümayiş etdirildi.

 

Qeyd edək ki, pitçinqdə müsabiqənin bədii seçim mərhələsindən keçmiş 26 layihə (12 bədii film, 8 sənədli film, 6 animasiya filmi layihələri) təqdim olundu. Onlardan 19-u isə müstəqil prodüser mərkəzləri, 6-sı dövlət studiyaları, 1-i televiziya kanalı tərəfindən təqdim edilmişdi.

 

Pitçinqin nəticələri münsiflər tərəfindən seçilən layihələr aprelin 30-da Mədəniyyət Nazirliyinin internet saytında, eləcə də Mədəniyyət qəzetinin saytında elan ediləcək. 5 bədii, 4 sənədli, 1 animasiya filminin seçilməsi nəzərdə tutulur.

 

Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

 

Müsabiqə kinematoqrafiya sahəsində yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, Vətən müharibəsindəki Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə təşkil olunub.

 

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.1.