Rusiya Etnoqrafiya Muzeyində Uçan xalça ilə Azərbaycana səyahət

Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənətinin yüzdən çox misilsiz nümunəsinin nümayiş olunduğu sərgi çərçivəsində sənətsevərlər üçün Uçan xalça: Şərqə səyahət adlı ailə proqramı keçirilib.

 

Milli Xalça Muzeyindən bildirilib ki, proqram ərzində ziyarətçilər Tale ipini xalçaya toxuyaraq... Azərbaycanın dekorativ və tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında sərgisinin kuratoru Yelena Kubelin müşayiəti ilə özlərini qonaqpərvər Şərq şəhəri olan Bakıda, onun qədim küçələrində hiss ediblər. Bununla yanaşı, proqram iştirakçıları Rusiya Etnoqrafiya Muzeyindəki Cənubi Qafqaz xalqları daimi ekspozisiyasına ekskursiya edərək bu xalqların mədəniyyəti ilə tanış olublar.

 

Üç saat davam edən proqram müddətində uşaqlar üçün də sərgiyə və ekspozisiyaya maraqlı səyahət təşkil olunub. Onlar həmçinin yaradıcılıq emalatxanasında keçirilən Təəssüratlarım ustad dərsində ənənəvi Şərq ornamentləri ilə unikal açıqca nümunələri hazırlayıblar və onları xatirə olaraq özləri ilə aparıblar.

 

Ailə proqramı zamanı qonaqlar çayla ləziz şirniyyatlarımızın dadına da baxıblar. Ziyarətçiləri Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə Çinar vokal-xoreoqrafik ansamblının konserti təşkil olunub, xalq çalğı alətləri və xalçatoxuma üzrə ustad dərsləri keçirilib.

 

Rusiya Etnoqrafiya Muzeyi tədbirin tərəfdaşlarına ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğuna, Azərbaycan Milli Xalça Muzeyinə, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinə, Simurq Azərbaycan Gənclər Birliyinə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, tədbirin videoçəkilişinə muzeyin Vkontakte sosial şəbəkəsindəki qrupunda baxmaq olar.

 

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.1.