“Kaş ki, “böyük ifaçı” ifadəsini sağlığında özünə deyəydik”

 

Tanınmış kamança ifaçısı, Əməkdar artist Ədalət Vəzirov 19 il əvvəl dünyasını dəyişsə də, musiqi mədəniyyətimizə verdiyi töhfələrlə yaddaşlarda yaşayır.

 

1951-ci ilin 27 aprelində, bahar fəslində Bakıda dünyaya göz açıb. İlk musiqi təhsilini Bülbül adına Orta ixtisas musiqi məktəbində unudulmaz kamança ifaçısı, Əməkdar artist Elman Bədəlovdan alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) oxuyub. 1980-ci ildən bu təhsil ocağında və Sumqayıt Musiqi Texnikumunda müəllim kimi fəaliyyət göstərib. Ömrünün son iki ilini texnikumun direktoru vəzifəsində çalışıb. Sənətkar uzun müddət Əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında və SSRİ Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çıxış edib. Sənət səfərlərinə getdikləri ABŞ, Kanada, İraq, Misir, Yaponiyas. ölkələrdə kamança alətinin imkanlarını yüksək peşəkarlıqla nümayiş etdirən sənətkar həm də bacarıqlı fortepianoqarmon ifaçısı idi.

 

Ədalət Vəzirov musiqiçi ailəsində doğulmuşdu. Atası Səfərəli Vəzirov da gözəl qarmon ifaçısı idi. Ailədə bütünlüklə musiqiyə bağlı olduqlarından Ədalət və qardaşları da eyni sahəni seçirlər. Qardaşı, tanınmış qarmon ifaçılarımızdan biri olan Kamil Vəzirov 2018-ci ildə vəfat edib. Digər qardaşları – Babək klarnet ifaçısı, gənc yaşlarında dünyasını dəyişmiş Ramiz isə pianoçu olub.

 

Ədalət Vəzirov tələbə ikən Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Musiqi Kolleci) və 6 saylı Uşaq musiqi məktəbində pedaqoji işlə yanaşı, Azərbaycan Konsert Birliyində, Zeynəb Xanlarovanın ansamblında solist kimi fəaliyyətə başlayır. O, kamança sənətinin tədrisi ilə bağlı dəyərli elmi əhəmiyyətli müxtəlif metodiki tövsiyələrin, rəylərin, işləmələrin, köçürmələrin müəllifidir. Bunlardan Zakir Bağırovun, Hacı Xanməmmədovun kamança ilə simfonik orkestr üçün konsertlərinin ifasına dair metodiki tövsiyələri misal göstərmək olar.

 

Sənətkar 40-dan çox ölkədə solo, muğam üçlüyü və ansamblın tərkibində möhtəşəm konsertlər vermişdi. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri” muğam simpoziumunda xanəndə Simarə İmanova və tarzən Zamiq Əliyevlə birlikdə Qran-pri mükafatına layiq görülmüşdü.

 

***

 

Ədalət Vəzirov pedaqoji fəaliyyəti dövründə bir neçə kaman ifaçısı yetişdirib. O, bu gün dünyada kamança ifaçısı kimi tanınan yəhudi əsilli Mark Eliyahunun da müəllimi olub. Bir neçə il əvvəl sənətkarın ad günündə Mark öz sosial şəbəkə hesabında belə bir paylaşım etmişdi: “16 yaşımda Bakıya gəldim, ustadım Ədalət Vəzirovun evinə köçdüm. O, böyük kamança ustadı, heyrətamiz və dərin insani düşüncələri olan şəxs idi. Mən fərqli ölkədən gələn yeniyetmə idim. Ədalət Vəzirovun ailəsi məni doğmaları kimi ailələrinə daxil edərək onların bir üzvü kimi qəbul etdilər. Onun üçün çox darıxıram, hər zaman qəlbimdə olacaq”.

 

1997-ci ildən Türkiyənin “Tekfen” Qaradəniz Filarmoniyasının orkestrində Azərbaycan musiqisini solo ifası ilə təmsil edən ilk azərbaycanlı ifaçı Ədalət Vəzirov olub. Həmin orkestrlə Hacı Xanməmmədovun “Kamançasimfonik orkestr üçün konsert”ini dəfələrlə qardaş ölkənin möhtəşəm konsert salonlarında yüksək ifaçılıq məharəti ilə tamaşaçılara sevdirmişdi. Çünki o, hər hansı bir əsəri ifa etməklə kifayətlənmirdi. Öz əlavə və xırdalıqları ilə ona xüsusi bir rəng qatırdı. H.Xanməmmədov sözügedən əsərin ifası ilə bağlı demişdi: “Mən o əsəri sadəcə nota köçürmüşəm, ona əsl həyatı isə Ədalət verib”.

 

***

 

Ustad sənətkar, Xalq artisti Habil Əliyev onun sənətini yüksək dəyərləndirərək “Öz kamançamı etibar edə biləcəyim ifaçılar sırasında məhz Ədalət Vəzirovu birinci görürəm”, demişdi.

 

Sənətkarın uzun illər birlikdə çalışdığı tarzən, Xalq artisti Möhlət Müslümov  dostu ilə bağlı xatirələrindən danışarkən deyir: “Ədalət böyük sənətkar idi. Düzdür, bəzən insan orta yaşda olanda onun özünə dahi, böyük deməyə çəkinirlər. Ən azından ona görə ki, sənətdə yaşda ondan böyüklər olur. Amma kaş ki, elə bu böyük ifaçı kəlməsini sağlığında onun özünə deyə biləydik. Ədalət Vəzirovla 14-15 yaşlarımızdan tanış idik.

 

O, məndən 3 yaş böyük idi. Kiçik qardaşı, klarnet ifaçısı, rəhmətlik Babəklə yaşıd idikkonservatoriyada birgə təhsil alırdıq. Ona görə də onlara tez-tez gedib-gəlirdik. Evləri sanki bir musiqi ocağı idi.

 

Sonralar qismət elə gətirdi ki, Ədalətlə birgə çalışmağa başladıq. Onunla çox gözəl münasibətlərimiz var idi. Ailəvi dost idik. Saysız-hesabsız el şənlikləri, konsertlərdə birlikdə olduq. Duetlərimiz gözəl alınırdı. O, məşq etməyi xoşlamırdı. Kamançanı əlinə alıb bədahətən ifa edərdi. Sanki Allah vergisi idi. O, ilk illərdə Habilsayağı ifa etsə də, getdikcə öz yolunu, dəst-xəttini yarada bilmişdi. Hazırda gənc kamança ifaçılarının əksəri onun yolunu davam etdirir. Amma bunu yalnız biz musiqiçilər hiss edir”.

 

Möhlət müəllimin xatirələrindən onların könül bağının necə möhkəm olduğunu duymamaq mümkün deyil: “Çox təvazökar, abır-həya gözləyən insan idi. Lent yazıları çox az qaldı. Mənə ən çox pis təsir edən onun ölümündən 20 gün əvvəl olan bir hadisə oldu. Toy şənliyinə getməli idik. Dedi, sən maşın götürmə, gəlim birlikdə gedək, söhbətim var səninlə. Gəldi, gördüm əlində disk var. Dedim bu nədir? Dedi Türkiyədə yazılıb, bunu hələ heç kimə verməmişəm. Üstünü yazıb verdi mənə.

 

Vəfatından bu günə kimi həmin diski açıb dinləməyə ürək etmirəm. Mərhum Ağaxan Abdullayevlə Qazaxıstana festivala getməli idik. Ədalət də bizimlə getməliydi. Ədalətin həmin ərəfədə Türkiyədə konserti olduğu üçün Mirnazim Əsədullayev onu əvəz etdi. Qazaxıstanda konsert verdik. Özü olmayanda belə onun zarafatlarından danışardıq. Xatırlayıram, Qazaxıstanda qaldığımız hoteldə bir xeyli ondan danışdıq. Sən demə həmin an o, Türkiyədəki hoteldə vəfat edibmiş. Bu gün də həmin məqamı dərin hüznlə yada salıram.  Əgər o bu yaşına qədər yaşasaydı, nələr edərdi. Bəlkə də Habil Əliyevdən sonra ikinci ad Ədalət olardı...”.

 

Əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev isə sənətkar dostunu belə yad edir: “Mən Ədalətlə Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyarkən tanış olmuşdum. Bu təsadüf edir 1969-cu ilə. Bu tanışlıq dostluğa çevrildi. Tez-tez dostlarla yığışardıq. O, əvəzolunmaz sənətkar idi. İfaçılığında da, dostluğunda da böyük ürəyə sahib idi. Çox təəssüflər olsun ki, aramızdan tez getdi. Muğamdan, sənətdən olan söhbətlərimizi bu günə kimi unutmuram. Tez-tez köhnə adət-ənənələrimizdən danışardıq. Sumqayıt Musiqi Texnikumuna direktor gedəndə mənə dedi ki, bundan sonra xarici səfərlərə gedə bilməyəcəyəm, əvəzimə sən gedərsən...”.

 

***

 

Ədalət Vəzirov 2002-ci ildə “Tekfen” Qaradəniz Filarmoniyası orkestrinin 10 illiyi ilə əlaqədar konsert proqramında iştirak etmək üçün Türkiyəyə yola düşür  bu, onun son səfəri olur. Həmin il oktyabrın 5-də, 51 yaşında İstanbul şəhərində qaldığı hoteldə infarktdan dünyasını dəyişir.

 

Dostlarının və ailə üzvlərinin sözlərinə görə, Ədalət Vəzirov həmin konsertə getməzdən bir gün əvvəl onlardan halallıq istəyib, sonra yola düşüb. O, dünyasını dəyişən gün isə artıq konsert üçün nəzərdə tutulan bütün biletlər satılıbmış. Ertəsi gün çıxış edəcəyi səhnədə kaman ustasının portreti yerini alır və konsert Ədalət Vəzirovun xatirəsinə həsr olunur.

 

Sənətkar son mənzilə H.Xanməmmədovun “Kamançasimfonik orkestr üçün konsert”inin sədaları ilə yola salınır. Yazılanı pozmaq olmaz, deyiblər. Ruhu şad olsun.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.4.