Tarix yazan igidlərimiz layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Tarix yazan igidlərimiz layihəsi davam edir. Layihənin növbəti təqdimatı Vətən müharibəsinin şəhid giziri Ümid Novruzluya həsr olunub.

 

Kitabxananın əməkdaşı Gülnar Allahverdiyeva tərəfindən Ümid Novruzlu haqqında videoçarx hazırlanıb. Videomaterialda şəhidin həyat yolu haqqında məlumat fotoları yer alıb.

 

Ümid Bahadur oğlu Novruzlu 1992-ci il iyunun 7-də Naxçıvan MR Babək rayonunda anadan olub. 2009-cu ildə Babək qəsəbəsində Vəli Mahmudov adına 1 nömrəli tam orta məktəbi bitirib. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2012-ci ilin 1 avqustunda N saylı hərbi hissədə müddətdən artıq xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.

 

2020-ci ildə gizir rütbəsi alan Ümid həmin il oktyabrın 24-də Vətən müharibəsinə yollanır. Döyüşlərdə qəhrəmanlıqla vuruşur, düşmənin xeyli canlı qüvvəsini məhv edir. Bir neçə dəfə yaralansa da, Şuşaya Zəfər bayrağını sancacağam, deyir. Ümid noyabrın 5-də Şuşa istiqamətində şücaət göstərərək şəhid olur. Noyabrın 13-də doğulduğu qəsəbədə torpağa tapşırılır. Qəhrəman şəhidin bir oğlubir qızı yadigar qalıb.

 

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.6.