Ömrün payız çağını vərəqləyərkən

 

Şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zahidə Nüsrətqızının bu günlərdə təqdimatı keçirilən Ömrün payız çağı kitabı ilə biz də tanış olduq. Kitabda müəllifin oxucunu heyrətləndirən, dərin düşüncələrə qərq edən, sözün sehrinə salan, ülviyyətə səsləyən şeirləri yer alıb.

 

Şair şeir yazır, misralar düzür,

Sərir vərəq üstə düşüncələri.

Gizlənir yazdığı misralar altda

Bir şair sevinci, şair kədəri...

 

Nəşrin ön söz müəllifi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Vahidə Cəfərzadə bildirir ki, şairin həyata, gerçəkliyə, dünyada ölkəmizdə baş verən hadisələrə özünəməxsus münasibəti var. Mənəvi-əxlaqi mövzulu şeirlərdə həssas bir ana qəlbinin çırpıntıları eşidilir. Kitabda uzun illər xalqımızın bağrında ağrıya çevrilən Qarabağ mövzusunda şeirlər qırmızı xətlə keçir.

 

Kitabı vərəqlədikcə oxucunun gözləri qarşısında söz duyumlu, həyata sevgi ilə yanaşan, Bakı küləyinin romantikliyini incə misralara düzən zərif qəlbli, zəhmətkeş bir ana obrazı canlanır.

 

 

Mədəniyyət.- 2021.- 4 avqust.- S.7.