Festivaldan xoş təəssürat

 

Prezident İlham Əliyev bu il mayın 26-da Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb. Bu bizim üçün böyük bir hədiyyə idi. Növbəti Qəbələ Musiqi Festivalı da akademiyamızın 100 illiyinə həsr olunub. Festivalda BMA-nın müəllim və tələbələri, məzunları iştirak edir.

 

Bu sözləri Ü.Hacıbəyli adına BMA-nın rektoru, Xalq artisti, XII Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli deyib.

 

Festivalın konsertlərində Zəfər tariximizin də əks olunduğunu vurğulayan F.Bədəlbəyli deyib: Bəstəkar Firəngiz Əlizadə də, mən də Zəfər marşı yazmışıq. Açılış mərasimində hər iki əsər təqdim olundu. Fəxr edirəm ki, məzunlarımızın arasında Vətən müharibəsinin iştirakçıları da var. Onlardan ikisi Qəbələ festivalında iştirak edir.

 

***

 

Qəbələ Musiqi Festivalında bir neçə dəfə iştirak etmişəm. Yenidən burada olmağıma görə çox şadam. Bu festivalın çox böyük ənənəsi var. Əvvəlki festivallarda dünyanın bir çox ölkəsindən məşhur musiqiçilər, ifaçılar, orkestrlər iştirak ediblər. Builki festival isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub. Sevindirici haldır ki, festivalın konsertlərində istedadlı tələbələrə geniş yer ayrılıb. Şübhə etmirəm ki, bu gənclər gələcəkdə Azərbaycanın musiqi ənənələrini dünya səhnələrində böyük uğurla nümayiş etdirəcəklər BMA-nın professoru, Xalq artisti, pianoçu Murad Hüseynov təəssüratını belə ifadə edib.

 

***

 

Qəbələ Musiqi Festivalında ilk vaxtdan, yəni keçirilməyə başlandığı 2009-cu ildən iştirak edirəm. Ayrı-ayrı festivallarda müxtəlif kollektivlərlə çıxış etmişəm. Builki festivala isə Bakı Kamera Orkestri ilə qatılmışam. Qəbələ festivalı gənc musiqiçilər üçün böyük təcrübə, məktəbdir.

 

Bu sözləri isə Bakı Kamera Orkestrinin dirijoru Cavad Tağızadə deyib.

 

***

 

Qəbələ Musiqi Festivalında ilk dəfədir iştirak edirəm. Bu festivalın çox gözəl ənənələri var. Builki festivalı çox böyük ruh yüksəkliyi ilə keçiririk. Çünki Vətən müharibəsində qalib gəlmişik, əzəli torpaqlarımızı azad etmişik. Ona görə də festivalın proqramına 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizə həsr olunan əsərlər də daxil edilib respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Züleyxa Abdulla təəssüratını bölüşüb.

 

O, konsertdə görkəmli bəstəkar Cövdət Hacıyevin əsərini ifa etdiyini deyib: Cövdət Hacıyev həmçinin o vaxtkı Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının rektoru olub. Mən öz ifamı ona ithaf etdim.

 

***

 

Qarabağ muğam qrupunun rəhbəri, Xalq artisti, xanəndə Mənsum İbrahimov deyib: Muğam qrupumuz Qəbələdə keçirilən bu möhtəşəm festivalda yarandığı vaxtdan iştirak edir. Budəfəki festivalımız əvvəlkilərdən fərqlənir, daha maraqlıdır. Ona görə ki, doğma Qarabağımızda Zəfər çalandan, sonra ilk dəfədir bu festival keçirilir. Konsertimizi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağda yazdığı tarixə, Zəfərimizə, igid əsgərlərimizə, qazilərimizə həsr etmişik.

 

Mədəniyyət.- 2021.- 4 avqust.- S.3.