Alov ləqəbli tankçı

 

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər dövlətçilik tariximizə misilsiz qəhrəmanlıq səhifəsi kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu. Qüdrətli Ordumuz doğma torpaqlarımızı yağıdan təmizləmək uğrunda ruh yüksəkliyi və yüksək peşəkarlıq nümayiş etdirdi, düşmənə sarsıdıcı zərbələr vurdu, tarixi ədaləti bərpa etdi.

Azərbaycanın üç minə yaxın qəhrəman övladı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Onlar qısa ömür yaşasalar da, mərdlikləri ilə gəncliyimizə örnək oldular. Belə fədakar oğullardan biri də şəhid gizir Budaqov Rufiz Şirzad oğludur.

Rufiz Budaqov 12 iyul 1977-ci ildə Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olub. 1984-1994-cü illərdə kənddəki orta məktəbdə təhsil alıb. Məktəb illərində yüksək əxlaqi-mənəvi keyfiyyəti, vətənpərvərliyi, fiziki hazırlığı ilə seçilib, pedaqoji kollektivinşagird yoldaşlarının hörmətini qazanıb. Birinci Qarabağ savaşında erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi hamı kimi Rufizin də mənəvi dünyasını yaralamışdı. Vətənə məhəbbət, erməni vandallarına qarşı nifrət, torpaqlarımızın işğaldan azad edilməsi, günahsız soydaşlarımızın qisasını almaq arzusu onun hərbçi peşəsini seçməsinə vəsilə olmuşdu. O, 1995-1997-ci illərdə həqiqi hərbi xidmət keçdikdən sonra əsgər geyimini çıxarmamaq qərarına gəlir. 1998-1999-cu illərdə tank komandirliyi üzrə kurslarda iştirak edir, bu ixtisasa yiyələnir. 1999-cu ildən gizir rütbəsində tank komandiri kimi xidmətini davam etdirir. 2004-cü ildə səhhətində yaranan problemə görə təqaüdə göndərilir. Tam müalicədən sonra 2012-ci ildə yenidən hərbi xidmətə qayıdır.

Rufiz Budaqov 2016-cı ilin Aprel döyüşlərində iştirak edir. Göstərdiyi igidliyə görə yoldaşları arasında Alov ləqəbi ilə məşhurlaşır, rəğbət qazanır. O, xidməti fəaliyyətində nizam-intizamı, verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirməsi ilə seçilir. Qüsursuz xidmətlərə görə medalının 3-cü və 2-ci dərəcələri, eləcə də 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunur.

 

2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ savaşı başlayanda Rufiz Budaqov Murovdağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə iştirak edir. Burada da peşəkar tank komandiri kimi döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetirir. Haqq savaşımızın 3-cü günü sentyabrın 29-da şəhidlik zirvəsinə ucalır. Rufiz oktyabrın 2-də Bakıda II Fəxri xiyabanda dəfn olunub. Şəhid tankçının iki qızı, bir oğlu yadigar qalıb.

 

Dövlət başçısının müvafiq sərəncamları ilə gizir Rufiz Budaqov ölümündən sonra Qarabağ ordeni, Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

Toğrul XƏLİLOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.6