Mədəniyyət Nazirliyi sistemində kadr təyinatı

 

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Qalib Həsənov Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Qalib Şamil oğlu Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. Azərbaycan Universitetinin beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bakalavr (1995) və beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr (1999) pillələrini bitirib. Pakistan Xarici İşlər Nazirliyi tərəfindən İslamabad şəhərində təşkil edilmiş Diplomatik kursda (1997), Koreya İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş Bazar iqtisadiyyatı, Koreyanın inkişaf təcrübəsi (1998), Budapeşt şəhərində Ticarət diplomatiyası kurslarında (1999) iştirak edib.

 

Əmək fəaliyyətinə 1996-cı ildə Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycanın Pakistandakı Səfirliyində, 2000-2004-cü illərdə ölkəmizin İstanbul şəhərindəki Baş konsulluğunda müxtəlif vəzifələrdə, 2004-2009-cu illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycanın Moldovadakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Macarıstandakı səfirliyimizdə müşavir vəzifələrində çalışıb. Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.4.