Şəhid sərhədçilərin xatirəsinə və əfsanəyə çevrilmiş AN-2 təyyarəsinə abidə qoyulub

Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya Qüvvələrində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

 

Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyev çıxış edərək mərasimin Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etdiyini, sərhədçilərin builki peşə bayramını müzəffər ölkənin qalib əsgərləri olaraq ən yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını diqqətə çatdırıb. Vətən müharibəsində Ali Baş Komandanın bütün döyüş tapşırıqlarının sərhədçilər tərəfindən uğurla icra edildiyi, ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildiyi qeyd olunub.

 

Silahlı Qüvvələrimizin 44 günlük zəfər yürüşündə müasir müharibə aparma təcrübəsində yenilik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarının sinxronlaşdırılmış istifadəsi nəticəsində Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Harop, Quzğun pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.

 

Qeyd edilib ki, torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında DSX-nin 47 hərbi qulluqçusu həlak olub. Onların arasında pilot zabitlər mayor Abbas Qasımov və baş leytenant Xalid Gözəlov da var. DSX-nin Aviasiya Qüvvələrində şəhidlərimizin xatirəsinə və Vətən müharibəsinin əfsanəsinə çevrilmiş AN-2 təyyarəsinə abidə ucaldılmasının şəhidlərimizin rəşadət salnaməsinə ehtiramın ifadəsi, döyüş qüdrətimizin təcəssümü olduğu vurğulanıb.

 

Tədbirdə Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərdiklərinə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə ordenmedallar təqdim olunub.

 

Qeyd edək ki, 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk sərhəd dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust fərmanı ilə avqustun 18-i Azərbaycanda sərhəd mühafizəsinin yaranması sərhədçilərin peşə bayramı kimi qeyd olunur.

 

Mədəniyyət.- 2021.- 20 avqust.- S.4.