“Hər şey üçün sənə təşəkkür edirəm”

 

Müslüm Maqomayevə həsr olunmuş yaradıcılıq gecəsi

 

 

 

Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) SSRİ Xalq artisti Müslüm Maqomayevin 79 illiyinə həsr olunmuş gənc ifaçıların yaradıcılıq gecəsi keçirilib.

 

RİMM-də bildirilib ki, iştirakçılar konsertdən əvvəl Müslüm Maqomayevin həyat və yaradıcılıq yolundan bəhs edən “Hər şey üçün sənə təşəkkür edirəm” adlı fotosərgi ilə tanış olublar.

 

Gənclər təşkilatlarının, rusiyalı həmvətənlərin Azərbaycandakı təşkilatlarının nümayəndələri, Müslüm Maqomayevin yaradıcılığının pərəstişkarları gecənin qonaqları olublar.

 

Tədbirdə Müslüm Maqomayevin yaradıcılıq yolundan söz açılıb. Bildirilib ki, müğənni 20 yaşında, 1962-ci ildə Helsinkidə keçirilən Dünya Gənclər və Tələbələr Festivalında çıxışından sonra məşhurlaşıb. O, “Buxenvald harayı”nı ifa edib, bununla da dünyaya faşizmin dəhşətlərini xatırladıb. İstedadına və qaldırılan mövzunun aktuallığına görə festivalın laureatı olub. Elə həmin ildə Kreml Sarayının səhnəsində keçirilən Azərbaycan incəsənəti festivalında iştirakı müğənniyə ümumittifaq şöhrəti gətirib.

 

Gecədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinanın, akademiyanın tələbələri Emil İsmayılov, Nailə Xasıyeva, Baxar Məmmədova, Gülzar Hüseynovanın ifasında Müslüm Maqomayevin repertuarından əsərlər səslənib.

 

Mədəniyyət.- 2021.- 20 avqust.- S.5.