Türk dünyasının musiqi mədəniyyətində iz qoyan sənətkar

Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov; 1912-1984) anadan olmasının 109-cu ildönümü ilə bağlı avqustun 20-də sənətkarın mənzil-muzeyində tədbir keçirildi.

 

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq diqqətə çatdırdı ki, muzeyin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edib. Niyazini Azərbaycan xalqının milli sərvəti kimi səciyyələndirən direktor dedi ki, onun adı hər zaman böyük ehtiramla anılır: O, nəinki Azərbaycanın, eyni zamanda bütün Türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir. Bu günlərdə Heydər Əliyev Fondu Əbədi imzalar layihəsi çərçivəsində Niyazinin əsərlərindən ibarət 7 məcmuə çap etdirərək sənətkarın mənzil-muzeyinə hədiyyə edib. Əbədi imzalar layihəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən həyata keçirilir və Azərbaycan mədəniyyətinə, milli mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, təbliğ olunmasına çox dəyərli töhfədir. Layihədə Azərbaycan bəstəkarlıq məktəbinin altı görkəmli nümayəndəsinin Asəf Zeynallı, Niyazi, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov və Vasif Adıgözəlovun musiqi külliyyatı 71 məcmuədə nəşr olunub. Onların hər biri ayrı-ayrılıqda musiqi tariximizdə ilklərə imza atmış bəstəkarlardır.

 

Alla Bayramova onu da diqqətə çatdırdı ki, Əbədi imzalar toplusunda nəşr olunan əsərlərin bir çoxu ilk dəfə işıq üzü görür: Topluda yer alan bəzi əsərlər sovet dövründə dərc olunsa da, nəşrlərin əksəriyyətində ciddi çap səhvləri var idi. Buna görə də həmin musiqi materiallarının hamısı bir daha ciddi redaktə prosesindən keçib. Eyni zamanda Azərbaycanda, həm də xarici ölkələrin arxivlərində əsərlərin notları araşdırılıb. Bəstəkarların əlyazmaları ilə müqayisələr aparılıb və ən uğurlu variantlar seçilərək yenidən nəşr edilib.

 

Çıxışdan sonra konsert proqramı təqdim olundu. Respublika beynəlxalq müsabiqələr laureatları Nərmin Şirin Əmiraslanovaların fortepianoda müşayiəti ilə Sevinc İbrahimovanın ifasında Ü.Hacıbəylinin Leyli Məcnun operasından müqəddimə II pərdəyə giriş, Niyazinin Xosrov Şirin operasından Şirinin ariyası, Cahangir Cahangirovun Gül camalın, Hacı Xanməmmədovun Surəti canan görünür Ağabacı Rzayevanın Könlüm qəzəl-romansları səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

 

Qeyd edək ki, həmin gün Niyazinin Mənzil-Muzeyində açıq qapı günü elan edilmişdi. Gün ərzində muzeydə maestro haqqında çəkilmiş sənədli filmlər, eləcə videokonsertlər Niyazinin musiqi müəllifi olduğu ekran əsərləri nümayiş olunub.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.5.