Beynəlxalq Ordu Oyunlarında Mədəniyyət Ordusu müsabiqəsi

Avqustun 23-də Moskva vilayətinin Kubinka qəsəbəsində Armiya-2021 Beynəlxalq Hərbi-Texniki Forumu və ARMİ-2021 7-ci Beynəlxalq Ordu Oyunlarının təntənəli açılışı olub. Mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putiniştirak edib.

 

Açılış mərasimində Azərbaycanı müdafiə nazirinin müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

 

Sentyabrın 4-dək davam edəcək ARMİ-2021 7-ci Beynəlxalq Ordu Oyunlarında 34 növdə yarışlar keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan hərbçiləri Tank biatlonu yarışlarına qatılacaq və Belarus, Qazaxıstan, Serbiya ilə eyni qrupda mübarizə aparacaqlar.

 

Müdafiə nazirinin müavini Alabino hərbi poliqonunda Tank biatlonu müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşübonlara uğurlar arzulayıb.

 

Ölkəmiz poliqondakı Dostluq evində keçirilən Mədəniyyət Ordusu müsabiqəsində də təmsil olunur. Burada Azərbaycanın hərb, dövlətçilik tarixi və mədəniyyətini əks etdirən stend açılıb.

 

Mədəniyyət Ordusu yaradıcılıq müsabiqəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivi iştirak edir. Yaradıcılıq müsabiqəsində komandamız Vokal ustalığı, Xoreoqrafik bacarıq, İnstrumental janr və Sərgi fəaliyyəti mərhələləri üzrə mübarizə aparacaq. Yarışlara 20-dək ölkədən 500-dən artıq musiqiçi, vokalist və rəqqas qatılıb.

 

Müsabiqənin birinci günü Vokal ustalığı və İnstrumental janr mərhələləri üzrə yekunlaşıb. Solistlərimizin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Azərbaycan xalq çalğı alətlərində hərbçilərimizin çıxışı hakimlərin və zala toplaşanların böyük marağına səbəb olub.

 

Müsabiqə sentyabrın 5-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.3.