Vokalçıların beynəlxalq müsabiqədə uğuru

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası məktəb-studiyasının şagirdi Teymur Kazımov ABŞ-ın Klivlend şəhərində təşkil olunan The Stars of Summer (Yay ulduzları) Vokalçıların və pianoçuların II Beynəlxalq müsabiqə-festivalında uğurla iştirak edib.

 

Müsabiqə-festivala onlayn formatda qatılan Teymur Kazımov akademik vokal nominasiyasında Qran-pri mükafatını qazanıb. O, laureatların qala-konsertində də onlayn formatda çıxış edib.

 

Müsabiqədə Kanada, Avstriya, Rusiya, Almaniya, Yunanıstan, Ukrayna və Çindən pianoçu və vokalçılar da iştirak ediblər. Müsabiqənin sponsoru Geauga West Rotary Club tərəfindən Teymur Kazımova pul mükafatı təqdim edilib.

 

Teymur Kazımov M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Gənclərə dəstək layihəsinin iştirakçısı, beynəlxalq müsabiqələr laureatıdır. Gənc vokalçını müsabiqəyə BMA-nın məktəb-studiyasında solo vokal sinfi üzrə müəllim Ofeliya Axundova konsertmeyster Dilarə Kərimova hazırlayıblar.

 

Müsabiqədə Azərbaycanı təmsil edən daha bir vokalçı Kamilla İmanova isə birinci yerə layiq görülüb.

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.3.