Antalya dəb həftəsində Böyük Qayıdış kolleksiyası

Türkiyənin Antalya şəhərində keçirilən dəb həftəsində Antalya Fashion Week Digital 2021də Azərbaycanın tarixi Zəfərinə və Qarabağın azad edilməsinə həsr olunmuş Böyük Qayıdış (The Great Return) adlı kolleksiya təqdim edilib.

 

Kolleksiya özündə bir sıra anlamlı mesajlar daşıyır. Vətən müharibəsində Zəfər 2020-ci ilin 11-ci ayında noyabrda qazanıldığı üçün kolleksiya 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və Zəfər bayramımızı özündə əks etdirir.

 

Yeni kolleksiyanın digər özəlliyi isə Xarıbülbül rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır. Əl ilə işlənmiş saç sancaqları azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.

 

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.1.