Bölgələrdə müxtəlif səpkili tədbirlər

Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayon MKS-nin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr edilmiş tədbir keçirilib.

 

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Tülü kənd Folklor evində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar Ustad sənətkar başlığı altında tədbir keçirilib. Zaqatala rayon Kəpənəkçi kənd kitabxanasında Yay məktəbi çərçivəsində məktəblilər üçün oxu saatı təşkil olunub. Qax rayon Ağçay kənd kitabxanasında Azərbaycan tarixindən bəhs edən kitabların stolüstü sərgisi təşkil edilib. Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialının həyətində Aşıq Ələsgərin yubileyi münasibətilə Xoş gəldin adlı tədbir keçirilib.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Gənclər qəsəbə kitabxana filialının təşkilatçılığı ilə Sehrli uşaq dünyası başlığı altında tədbir keçirilib. Qusar rayon Heydər Əliyev Mərkəzində şəhid anaları və Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı qadın fəallarının iştirakı ilə Zəfər tariximizdə Azərbaycan qadınının rolu mövzusunda konfrans keçirilib. Mərkəzin direktoru Neva Abdurahmanova Vətən müharibəsinin tarixi Qələbədə xalqın Ali Baş Komandana və Azərbaycan Ordusuna olan inamının böyük rol oynadığını söyləyib.

 

Gənclər və İdman Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin dəstəyi, İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı ilə Gənclərin inkişaf forumu keçirilib. İsmayıllı, Qəbələ, Şəki və Kürdəmir rayonlarından gənclərin iştirak etdiyi tədbirdə çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov dövlət başçısı tərəfindən mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb. Bildirilib ki, mədəniyyətimizin təbliği və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin işçiləri Heydər Əliyev parkında kiçikyaşlı uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Bu kitabları oxuyun adlı sərgi keçiriblər.

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon Mərkəzi Kitabxanasının qarşısında açıq kitabxana təşkil edilib. Tədbirdə müxtəlif yaş qruplu oxucular kitabxanaya yeni gəlmiş kitablarla tanış olublar.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon Heydər Əliyev Mərkəzində İki nəslin görüşü adlı tədbir təşkil olunub. Tədbirdə çıxış edənlər ölkəmizin əldə etdiyi uğurlarda gənclərin rolundan söz açıblar.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Yay məktəbi çərçivəsində Kitab işıq saçır bir günəş kimi adlı səyyar sərgi təşkil edib. Sərgidə tariximiz, milli-mənəvi dəyərlərimiz, görkəmli şəxsiyyətlərimiz haqqında kitablar nümayiş olunub.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.4.