Musiqişünas, ssenarist, turizm bələdçisi...

 

Mədəniyyət və İncəsənət Universitetində əlavə təhsil imkanı

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2021-2022-ci tədris ilində musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasları üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir.

 

Universitetdən bildirilib ki, müvafiq ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcək. Mövcud vəziyyət (pandemiya şəraiti) nəzərə alınaraq tədrisin onlayn təşkil olunması istisna edilmir.

 

ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydasına əsasən aparılır.

 

Tədris Azərbaycan rus dillərində aparılır. Sənədlər sentyabrın 10-dək qəbul olunur. Yenidənhazırlanma təhsili almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə), 2021-ci ilin məzunları bakalavr səviyyəsini bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış digər zəruri sənədləri təqdim etməlidirlər.

 

Ətraflı məlumatı ADMİU-nun saytından əldə etmək olar.

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.7.