“Xəmsə”nin Şərq-Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə 25–27 noyabr tarixində “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq-Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Hibrid (bilavasitə iştirakonlayn qatılım) formatda təşkil edilən beynəlxalq elmi konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Konfransın plenar iclasında çıxış edən Ədəbiyyat Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu vurğulayıb. Rafael Hüseynov dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğunu söyləyib, dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışıb. Qeyd edib ki, Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib.

Nizami Gəncəvinin azərbaycanlı mənşəyi, onun öz dövründə və sonrakı dövrlərdə həm Azərbaycan, həm də dünya ədəbiyyatına ciddi təsiri, dahi şairin həyat və yaradıcılığının müxtəlif alimlərin araşdırmalarında yeri, əsərlərinin tərcüməsi haqqında məlumat verən Rafael Hüseynov bildirib ki, şair öz yaradıcılığının miqyası, müraciət etdiyi mövzularla bütün dünya xalqlarının şairidir, bütün millətlər Nizami yaradıcılığında özünü tapa bilər:Dünya ədəbiyyatının daha da zənginləşməsində mühüm rol oynayan Nizami Gəncəvinin unikallığı ondan ibarətdir ki, o, ardıcıllarını yetişdirdiyi bir məktəb yaradıb. Farsdilli, rusdilli, türkdilli və digər xalqların ədəbiyyatında Nizami Gəncəviyə yüzlərlə nəzirə yazılıb”.

Akademik Nizaminin əsərlərini fars dilində yazmasına toxunaraq qeyd edib ki, həmin dövrdə ərəb və fars dilləri qloballaşmanın əsas göstəricisi olduğundan Nizami əsərlərini Azərbaycan dilində deyil, fars dilində yazmağa üstünlük verib: “Görkəmli mütəfəkkirin əsərlərini fars dilində yazması farsdilli ədəbiyyatın inkişafına öz müsbət təsirini göstərib və bu ədəbiyyatın içərisində Azərbaycan üslubunun formalaşmasında mühüm əhəmiyyət kəsb edib. Hələ XII əsrdə Hindistanda Nizamiyə nəzirələr yazılması məhz fars dilinin qovuşdurucu dil funksiyasını yerinə yetirməsi ilə bağlı idi”.

R.Hüseynov onu da diqqətə çatdırıb ki, Nizami Gəncəvinin yaradıcılığının XIX əsrdən etibarən əsas Avropa dillərinə tərcümə olunması ilə Qərb mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq cavablar yazmağa başlayıb və XXI əsrdə dahi şairin əsərlərinin tərcümə olunduğu dillərin sayı getdikcə artıb. Nizaminin əsərlərində yaratdığı dünyanın, hər kəsin azad yaşadığı daha mükəmməl gələcəyin hələ çox uzaqlarda olduğunu bildirən akademik bu əsərlərin insanları daha mükəmməl cəmiyyət qurmağa təşviq etdiyini deyib.

Konfransa Azərbaycanın müxtəlif elm, təhsil ocaqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və İtaliyadan tanınmış şərqşünas alimlər qatılıb.

Konfransın ilk günündə dosent Əsmətxanım Məmmədovanın “Heç bitməyən Nizami sevdası”, professor Xəlil Yusiflinin “Axsitanın Nizamiyə məktubu. Yozum və həqiqət”, professor Şəfəq Əlibəylinin “Nizami nəzmində rənglər palitrası (struktursemantikfunksional aspektdə)”, filologiya elmləri doktoru Şodimuxammad Sufizodanın (Tacikistan) “Saqinamə janrının formalaşmasında Nizami Gəncəvinin rolu”, professor Qaziz Telebaevin (Qazaxıstan) “Nizami Gəncəvi və Yusuf Balasaqunlunun fəlsəfi dünyası” və digər məruzələr dinlənilib.

 

Üç gün ərzində 11 bölmə iclasında ümumilikdə 100-dən artıq məruzə təqdim olunub. Türkiyəli professor Ali Temizelin “Türkiyə universitetlərində Nizami Gəncəvi haqqında aparılan elmi araşdırmalar”, BDU-nun dosenti Nüşabə Əlizadənin “Nizami Gəncəvi ədəbi irsinin yorulmaz tədqiqatçısı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Könül Hacıyevanın “Nizami Gəncəvinin “Həft peykər” poeması və ona nəzirə olaraq yazılmış “Həşt behişt” əsəri haqqında”, Azərbaycan TurizmMenecment Universitetinin dosenti Günay Qafarovanın “Nizaminin əlyazmalarını bəzəyən Təbriz miniatürlərinin etnoqrafik özəllikləri”, Naxçıvan Dövlət Universitetinin dosenti Mehriban Əsədullasoyun “XIX əsr Naxçıvan ədəbi mühitində Nizami Gəncəvi” və digər mövzularda məruzələr maraqla qarşılanıb.

Konfransın sonunda çıxış edən akademik Rafael Hüseynov Nizami Gəncəvi irsiAvropa ədəbi-mədəni mühiti,  “Xəmsə”nin müxtəlif dillərə tərcüməsi problemləri, Nizami irsiklassik Şərq ədəbiyyatında forma, janrpoetika məsələləri, şairin irsinin Azərbaycan və dünya incəsənəti müstəvisində tədqiqi və digər mövzularda elmi müzakirələrin aparıldığı konfransın iştirakçılarına təşəkkürünü bildirib.

Konfransda Nizami Gəncəvinin yaradıcılığına həsr olunan sərgi təşkil edilib, stendlər nümayiş olunub.

 

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.6.