Bölgələrdə müxtəlif səpkili tədbirlər

 

Sabirabad RMİ-nin dəstəyi və şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə (3 dekabr) həsr olunmuş tədbir keçirilib. Şagirdlərin ifasında musiqi və rəqs nümunələri nümayiş etdirilib. Cizgi film personajları uşaqların könlünü oxşayan rəngarəng çıxışlar təqdim ediblər.

Sumqayıt RMİ Sumqayıt Dövlət Rəsm Qalereyasında “Narkomaniyaya yox deyək” adlı rəsm sərgisi keçirilib. Xaçmaz RMİ Şabran rayon Mədəniyyət Mərkəzində isə Şabran Xalq teatrı narkomaniyanın ağır fəsadlarından bəhs edən “Həyatla oyun” tamaşası nümayiş etdirilib. Arzu Soltanın “Xaşxaşın göz yaşları” əsərinin motivləri əsasında hazırlanan tamaşada (rejissor Cabir Əmrahov) rolları Zəfər Məmmədov, Nurlan Fərhadlı, Günay Xaniyeva, Qulu Mövsümov və Şəmistan Zeynallı və başqaları ifa ediblər.

Q.Qarayev adına Sumqayıt şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Aysu Məmmədzadə, Ayla Pənahova və Çingiz Ələsgərov Estoniyanın Tallinn şəhərində keçirilən “Qızıl payızın ulduzları” müsabiqəsində fortepiano ixtisası üzrə öz yaş kateqoriyalarında birinci yerə layiq görülüblər.

Ağdaş RMİ Zərdab rayon Mərkəzi Kitabxanasında “Poeziya dünyasının dahisi” başlıqlı tədbir keçirilib. MKS-nin Uşaq şöbəsi və filiallarının fəal oxucuları Nizami Gəncəvinin qəzəllərini söyləyiblər.

Göyçay rayon Rəsul Rzanın Ev-Muzeyində “Aşıq Ələsgər dünyası haqdan gələn vergidir” başlıqlı tədbir təşkil olunub. Usta sənətkarın 200 illiyinə həsr olunan tədbirdə Arif Məmmədov adına Musiqi məktəbinin şagirdləri Aşıq Ələsgərin sözlərinə yazılmış mahnıları ifa edib, şeirlərini səsləndiriblər.

Xırdalan şəhər onbirillik Musiqi məktəbinin kollektivi Masallıda geniş konsert proqramı ilə çıxış edib. Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov və Xırdalan şəhər Musiqi məktəbinin direktoru İkram Manafov qarşılıqlı səfərlərin kollektivlər arasında yaradıcılıq əlaqələrinə və şagirdlərin inkişafına töhfə verəcəyini bildiriblər. Qonaq kollektivin təqdim etdiyi konsert alqışlarla qarşılanıb.

İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyasında “Kamil Əliyev – 100” adlı sərgi keçirilib. Ağstafa RMİ Tovuz Rayon Dövlət Rəsm Qalereyası da Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi münasibətilə dərnək üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edib.

 

N.MƏMMƏDLİ

Mədəniyyət.- 2021.- 10 dekabr.- S.4.