Sərgi, tamaşayubiley tədbirləri

 

Xaçmaz RMİ Qusar Dövlət Rəsm Qalereyasında Xalq rəssamı, UNESCO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Birliyinin üzvü, Almaniyada yaşayan soydaşımız Əşrəf Heybətovun əsərlərindən ibarət sərgi açılıb. Sərgidə rəssamın yaratdığı irihəcmli əsərlərin reproduksiya nümunələri nümayiş olunub.

Sumqayıt RMİ Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyi qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyevin də iştirak etdiyi tədbirdə akademiyanın tələbələri və Xırdalan şəhər 11 illik Musiqi məktəbinin şagirdləri tərəfindən konsert proqramı təqdim edilib.

Ağdaş RMİ Ağdaş rayon Mərkəzi Kitabxanasında tanınmış şair Nüsrət Kəsəmənlinin (1946-2003) 75 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə keçirilib. Tədbirdə kitabxananın əməkdaşları və Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbin şagirdlərinin ifasında şairin şeirləri səsləndirilib.

Masallı RMİ Masallı Xalq teatrı tərəfindən Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərova həsr olunmuşŞuşa qartalı” adlı tamaşa-kompozisiya göstərilib. Şəhidin həyat yoldaşı Sitarə Cəfərova çıxışında Ramiz Cəfərovun qəhrəmanlığından bəhs edib, tamaşaya görə yaradıcı kollektivə minnətdarlığını bildirib. Xalq teatrının kollektivi və Masallı Dövlət Regional Kollecin müəllim və tələbələrinin iştirakı ilə səhnələşdirilən kompozisiya maraqla qarşılanıb.

 

Hazırladı: N.MƏMMƏDLİ

Mədəniyyət.- 2021.- 15 dekabr.- S.4.