Mədəniyyət xalqları, ölkələri birləşdirən ən güclü vasitədir

İspaniya diplomatı “Mədəniyyət naminə sülh” kampaniyasının əhəmiyyətini vurğulayıb

 

Mədəniyyət naziri Anar Kərimov dekabrın 14-də İspaniyanın vasitəçilik və mədəniyyətlərarası dialoq üzrə xüsusi səfiri Ramon Blekua ilə görüşüb.

Qonağı salamlayan nazir ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Birgə fəaliyyətin əhəmiyyətini qeyd edən Anar Kərimov Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qarşılıqlı əməkdaşlığı bir daha vurğulayıb.

Anar Kərimov ölkəmizin irəli sürdüyü “Mədəniyyət naminə sülh” (“Peace4Culture”) qlobal kampaniyası haqqında da söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Nazir səfir Ramon Blekuanı da bu qlobal çağırışa qoşulmağa dəvət edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Ramon Blekua “Mədəniyyət naminə sülhqlobal çağırışına dərin marağını ifadə edib. Qonaq layihə çərçivəsində əməkdaşlığın mühüm olduğunu və Azərbaycanın zəngin mədəni irsinin qorunmasının vacibliyini bildirib. Qeyd edib ki, mədəniyyət xalqları, ölkələri, ümumiyyətlə, bəşəriyyəti birləşdirən ən güclü vasitədir.

Mədəniyyət.- 2021.- 15 dekabr.- S.1;2.