Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin sessiyası

 

Dekabrın 13-də Parisdə, UNESCO-nun qərargahında qurumun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası işə başlayıb. Onlayn formatda keçirilən sessiyaya UNESCO üzrə Şri-Lanka Milli Komissiyasının baş katibi Punçi Nilame Meqasvate sədrlik edir.

Hökumətlərarası Komitənin 16-cı sessiyasında ölkəmizi UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev təmsil edir. Qeyd edək ki, Azərbaycan hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 24 üzvündən biridir. İclasa dünyanın müxtəlif ölkələrindən 900-ə qədər iştirakçı qeydiyyatdan keçib.

Komitənin 16-cı sessiyası çərçivəsində aidiyyəti siyahılara daxil edilməsi üçün üzv dövlətlər tərəfindən namizədliyi təqdim edilmiş elementlərə baxılacaq. Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına salınmaq üçün 48 element, Təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmək üçün 6 element, eləcə də yaxşı mühafizə təcrübələrinin reyestrinə daxil edilmək üçün 5 təklif və 100 min dollar miqdarında 3 beynəlxalq yardım sorğusu sessiyanın gündəliyində yer alıb.

Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına salınmaq üçün təklif edilən nümunələr sırasında Türkiyənin “Hüsn-i Hat – ənənəvi İslam kalliqrafiya sənəti”,  Türkmənistanın “Dütarın düzəldilməsi sənəti və oxuma ilə birlikdə ənənəvi musiqi ifaçılığı”, Özbəkistanın “Baxşi (aşıq) sənəti” kimi nominasiya faylları var.

Qeyd edək ki, hazırda Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısında 131 ölkənin ümumilikdə 584 elementi, o cümlədən Azərbaycanın 13 qeyri-maddi mədəni irs nümunəsi var.

 

Həmçinin sessiyada Latın Amerikası və Karib hövzəsi ölkələrinin “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”nın həyata keçirilməsinə dair dövri hesabatları, Qeyri-Maddi Mədəni İrs – QHT Forumunun hesabatı dinləniləcək və 2003-cü ildə qəbul olunmuş bu Konvensiyanın siyahıya salma mexanizmlərində islahatlar kimi məsələlərə baxılacaq.

Hökumətlərarası Komitənin 16-cı sessiyası dekabrın 18-dək davam edəcək.

Davamlı inkişaf üçün təhsil əsas prioritet olaraq qalmalıdır

Azərbaycan UNESCO-nunQeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyası və mədəniyyətlə bağlı digər konvensiyaları, xüsusilə də “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Konvensiyası və onun iki protokolu arasında sinerjinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri alqışlayır. Hesab edirik ki, növbəti ikiillikdə bu davam etdirilməli və gücləndirilməlidir.

Bu fikri UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev Hökumətlərarası Komitənin 16-cı sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, COVİD-19 pandemiyasına baxmayaraq 2003-cü il Konvensiyasının katibliyi və Mədəniyyət sektorunun öz işini davam etdirmək istiqamətində səylərini ölkəmiz alqışlayır. Hökumətlərarası Komitənin əsas mexanizmlərinin, əməliyyat fəaliyyətlərinin, eləcə də proqramlarının dəstəklənməsində katibliyin həyata keçirdiyi tədbirlərdən məmnunluq ifadə edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətin mühafizəsi və mədəni plüralizmin təşviqi üzrə UNESCO-nun fəaliyyətini gücləndirmək strategiyasının həyata keçirilməsinə uyğun olaraq, fövqəladə hallarda, eləcə də silahlı münaqişələr və təbii fəlakətlər zamanı qeyri-maddi mədəni irsin mühafizəsi üzrə işin inkişafı sahəsində katibliyin əldə etdiyi tərəqqini təqdir edir. Azərbaycan qeyri-maddi mədəni irs və təhsil sahəsində proqramın həyata keçirilməsində səyləri təqdirəlayiq hesab edir, UNESCO-nun Təhsil sektorunun texniki və peşə təhsili və təlimi, Davamlı inkişaf üçün təhsil və Fövqəladə hallarda təhsil kimi xüsusi proqramları ilə daha çox əməkdaşlığa çağırır.

Hesab edirik ki, potensialın gücləndirilməsi, fövqəladə hallarda qeyri-maddi mədəni irsin mühafizəsi, qeyri-maddi mədəni irs və davamlı inkişaf üçün təhsil növbəti illərdə də Katibliyin əsas prioritetləri olaraq qalmaqla yanaşı, qarşıdan gələn MONDİACULT konfransında mədəniyyət siyasətlərində qeyri-maddi mədəni irsin roluyeri möhkəmləndirilməlidir”, – deyə E.Abdullayev bildirib.

 

Mədəniyyət.- 2021.- 15 dekabr.- S.1;2.