Söz mülkünün sultanı”

 

Ağstafa RMİ Tovuz Rayon Dövlət Rəsm Qalereyası tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş dərnək üzvlərinin əl işlərindən ibarət “Mədəni irsimizi yaşadaq” adlı rəsm sərgisi təşkil edilib.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi (RMİ) İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşSöz mülkünün sultanı” mövzusunda tədbir keçirilib. İsmayıllı RİH-in başçısı Nahid Bağırov və RMİ-nin rəisi Elçin Nəcəfovun da iştirak etdiyi tədbirdə ilk olaraq Nizamiyə həsr olunan sərgiyə baxış keçirilib. Daha sonraNizami” bədii filmindən fraqment nümayiş olunub. Şairin poemaları əsasında hazırlanan səhnəciklər təqdim edilib, şeirləri səsləndirilib.

 

Ağdaş RMİ Ağdaş rayon Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi İli” ilə bağlı musiqili, ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Tədbirdə Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxəliyevanın məruzəsi, RMİ-nin məsləhətçisi İlqar Vəliyev, rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Möhlüd Hacıxanov və Habil Əliyev adına Ağdaş şəhər Uşaq musiqi məktəbinin direktoru Rafiq İsgəndərovun çıxışları dinlənilib. Sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Xaçmaz rayon Mərkəzi Kitabxanasında da Nizami Gəncəvinin 880 illiyi qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə açıq səma altındakı Şəxsiyyətlər muzeyində Nizami Gəncəvi yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Kitabxananın direktoru Azad Əlifxanov, Xaçmaz RMİ-nin nümayəndəsi Fərid Musayev, “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur, şair Mehrəli Quliyev və başqaları dahi şairin həyat və yaradıcılığından danışıblar.

 

Ağcabədi RMİ Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş şeir və bədii-qiraət müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı və Ağcabədi Pedaqoji Kollecinin tələbələri iştirak ediblər. Firuzə Süleymanlı I, Durna Qurbanlı II, Simarə Rüstəmova və Elvin Süleymanlı III yerlərə layiq görülüblər. Qaliblərə regional idarənin fəxri fərmanları təqdim olunub.

 

 

 Mədəniyyət.- 2021.- 17 dekabr.- S.4.