Latviya Milli Kitabxanasında Nizami əsərlərinə çəkilmiş miniatürlərin sərgisi

 

Riqada, Latviya Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə şairin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi təşkil olunub.

 

Sərgi Azərbaycanın Latviyadakı Səfirliyinin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Latviya Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində açılıb. Sərgidə dünyanın müxtəlif muzeylərində saxlanılan əlyazma kitablardan ümumilikdə 24 miniatür nümayiş etdirilib.

 

Tədbirdə həmçinin son illər Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Nizami Gəncəvi irsi ilə bağlı kitablar, digər nəşrlər nümayiş etdirilibLatviya Milli Kitabxanasına hədiyyə olunub.

 

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers, Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintira Mukane çıxış ediblər.

 

Səfir Elnur Sultanov Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İlinin dahi şairin irsinin dünyada daha geniş şəkildə tanıdılmasına zəmin yaratdığını bildirib. Diplomat iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədilə hər il Latviya Milli Kitabxanasında Nizami Gəncəvi poeziya günlərinin keçirilməsini təklif edib. Latviyanın sabiq prezidentləri Vayra Vike-FreyberqaValdis Zatlersin Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təmsil olunmalarının Azərbaycan-Latviya əlaqələrinə xüsusi xarakter verdiyini qeyd edən Elnur Sultanov Latviya Milli Kitabxanasına hədiyyə edilən kitablara görə Heydər Əliyev Fonduna, tədbirin təşkilinə verdiyi dəstəyə görə isə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına və Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirib.

 

Valdis Zatlers çıxışında qeyd edib ki, Nizami Gəncəvinin əsərləri bütün bəşəriyyətin mədəni irsidir. Bildirib ki, səkkiz əsr sonra Nizaminin əsərlərinin bu qədər əhəmiyyət kəsb etməsinin səbəbi bu əsərlərdə təbliğ olunan humanizm ideyasıdır. Çünki humanizmin zaman və məkan sərhədi yoxdur. O, sərginin mədəni diplomatiyaya çox gözəl nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, siyasət və siyasətçilər dəyişə bilər, lakin mədəni diplomatiya qalıcıdır.

 

Tədbirdə Latviya Milli Kitabxanasının direktoru Andris Vilksin videomüraciəti də səsləndirilib. Müraciətdə qeyd olunub ki, Latviya Milli Kitabxanası Azərbaycan Milli Kitabxanası ilə uzun müddətdir səmərəli əməkdaşlıq edir və 2019-cu ildə kitabxanaya Azərbaycan tərəfindən nəşrlər hədiyyə olunub. Həmçinin Azərbaycan Milli Kitabxanasında Latviya guşəsinin açılmasının təqdirəlayiq olduğu vurğulanıb.

 

Latviyanın dövlət rəsmiləri, ictimai xadimləri, diplomatik korpusdiaspora nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın Xalq artisti Əvəz Abdulla Nizami Gəncəvinin əsərlərinə bəstələnən romanslar və digər musiqi əsərlərini ifa edib. Sonda ziyafət təşkil olunub və Azərbaycan milli yeməkləri təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.3.