Müxtəlif səpkili tədbirlər

 

 

Sumqayıt RMİ Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəbin xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri tərəfindən ustad sənətkarın sözlərinə bəstələnmiş mahnılar, dastansaz havaları səsləndirilib.

Sumqayıt RMİ və ŞİH-nin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında Vətən müharibəsində Zəfərimizə həsr olunanMissiya” adlı tamaşa nümayiş etdirilib. Tamaşadan sonra sumqayıtlı Vətən müharibəsi şəhidlərinin övladlarına Yeni il hədiyyələri və geyimlər təqdim olunub.

Abşeron rayon Xırdalan şəhər 11 illik Uşaq musiqi məktəbinin kollektivi Ağdaş RMİ Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin qonağı olub. Tədbirdə hər iki məktəbin müəllim və şagirdlərinin ifasında klassik musiqilər, bəstəkar və xalq mahnıları, muğamlardan ibarət maraqlı konsert proqramı təqdim olunub.

Xaçmaz RMİ Qusar Dövlət Rəsm Qalereyasında Qələbəmizə həsr olunan “Rəngin harmoniyası – sənət mübadiləsi” adlı sərgi təşkil edilib. Sərgidə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun göstərdiyi qəhrəmanlıqları əks etdirən 44 rəsm əsəri nümayiş etdirilib.

Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 16 illiyi münasibətilə təşkil edilən konsertdə vətənpərvər ruhlu mahnılar ifa olunub, şeirlər səsləndirilib.

 

Masallı RMİ Masallı Xalq teatrında narkomaniya və erkən nikahlar mövzusuna həsr olunmuşBir ailənin faciəsi” tamaşası səhnələşdirilib. Ssenari müəllifi jurnalist Əlihüseyn Şükürov olan səhnə işi Masallı Dövlət Regional Kolleci, rayon Gənclər və İdman İdarəsi, Gənclər evi, Polis Şöbəsi və Xalq teatrının birgə təşəbbüsü və iştirakı ilə hazırlanıb.

Ağstafa RMİ-nin nəzdində “Aveydağfolklor ansamblı yaradılıb. Regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarından ibarət ansamblın repertuarını qədim və milli alətlərdə xalq mahnıları təşkil edəcək. Ağstafa rayon Mədəniyyət Mərkəzinin nəzdindəki Xalq teatrı isə “Qış nağılı” tamaşasını təqdim edib. Uşaqların sevimlisi Şaxta babanın, Qar qızın maraqlı söhbətləri, klounların müxtəlif oyun nömrələri balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Gəncə RMİ Gəncə şəhər Mədəniyyət Mərkəzində “Saz ömrü qədərdir Ələsgər ömrü” adlı tədbir təşkil olunub.

Bərdə RMİ Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin yaranmasının 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Regional idarənin rəisi İlyas Hacıyev, Bərdə, Tərtər rayon, Yevlax və Mingəçevir şəhərindən rəhbər işçilər, şəhid ailələri, məktəbin yetirmələri və musiqisevərlərin iştirak etdiyi tədbirdə tədris ocağının keçdiyi yola həsr olunmuş videoçarx nümayiş etdirilib və qazanılan nailiyyətlər barədə məlumat verilib. Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq incəsənət məktəbində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevə (1917-2000) həsr olunan tədbir keçirilib. Tədbirdə bəstəkarın ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib. Konsert proqramında məktəbin müəllimləri tərəfindən bəstəkarın mahnıları, filmlərə yazdığı musiqilər ifa olunub.

 

Hazırladı: N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.4.