Köhnə İskəndərə yeni namə

 

Silsilə tədbirlər, teatr tamaşaları, sənət, səhnə aksiyaları ilə zəngin olanNizami Gəncəvi İli” çərçivəsində növbəti layihə də uğurla gerçəkləşdi.

 

Dekabrın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İskəndərə yeni namə” tamaşasının premyerası da Nizami soraqlı ilin sənət tədbirlərindən idi.

 

Mədəniyyət naziri Anar Kərimov, nazirliyin əməkdaşları, digər rəsmilər, mədəniyyət və incəsənət xadimlərinin izlədiyi tamaşa maraqla qarşılandı.

 

Fərqli üslubda hazırlanan səhnə işinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir.

 

Yazıçı-ssenarist İlqar Fəhminin ədəbi əsəri, dünya və əbədiyyət arasında qalan insan haqqında ilkin təfsiri əsasında ərsəyə gələn tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artistlər Şövqi Hüseynov (Xızır), Elşən Rüstəmov (Əflatun), Kəmalə Müzəffər (yaşlı Rövşənək), İlqar Cahangir (İskəndərus), aktyorlar Ziya Ağa (İskəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon) və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış ediblər.

 

Böyük fatehinbu dünyada cismən ölümlü, ruhən ölümsüz insanlar var olduğu üçün yaşamaq gözəldir” fikrini təkrar edən layihə ümumilikdə Nizami irsinin teatr sənəti vasitəsilə retranslyasiyasını hədəfləyir. Layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır. Ssenari “İskəndərnamə” poemasının motivləri əsasında hazırlansa da, əslində, tamaşa Nizami əsərinin təxəyyüldə davamıdır. Bu mənada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir. Bəlli olduğu kimi, invariantda İskəndər Zülqərneynə dirilik suyunu içmək qismət olmur, Xızır dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir. İskəndər isə dünyadan köçür...

 

Tamaşada isə Makedoniyalı İskəndər dirilik suyunu Xızırın qanı vasitəsilə içir və beləcə, özünün əbədi yaşamaq haqqını da qanla alır. Elə hadisələr də bundan sonra başlayır və İskəndər qalan bütün ömrünü ölümsüzlüyü ilə mübarizə aparan insanlarla mücadiləyə həsr edir, faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar onu tərk etmir.

 

Nəticədə vahid dövlət ideyasının, Yer kürəsini bir qütbdən idarə etmək iddiasının müəllifi ölümü yalvararaq çağırır və ən yaxınının qəsdi ilə ölümü dadır. Tamaşanın qayəsinə görə, insan əbədi həyatın yükünü çəkə bilməz və mütləq sonu ilə barışmalıdır. Çünki insan Tanrı deyil və belə olan təqdirdə o, daim ölümünü gözləyərək yaşamalıdır...

 

Tamaşa haqqında ətraflı növbəti sayımızda.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.3.