“İrs/Erbe” jurnalının növbəti sayı çapdan çıxıb
“İrs” beynəlxalq jurnalının alman dilində (“İrs/Erbe”) nəşr olunan yeni nömrəsinin əsas mövzusu Qarabağdır. Baş redaktor Musa Mərcanlı “Təcavüz hüquqi vəzifə kimi” adlı giriş məqaləsində SSRİ-nin dağılma ərəfəsində başlanan yeni Qarabağ münaqişəsinin tarixinə nəzər salır, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrini diqqətə çatdırır, Azərbaycanın otuz ilə yaxın davam etmiş işğala son qoyan Qələbəsindən bəhs edir.
Nəşrdə mədəniyyət naziri Anar Kərimovun “Qarabağın azad edilməsi Azərbaycan mədəniyyətini yenidən birləşdirir” başlıqlı məqaləsi də dərc olunub. Məqalədə Qarabağın keçmişindən, buradakı qədim alban xristian mədəniyyətinə aid abidələrdən bəhs edilir, diyarın yeni tarixindən söz açılır. Pənahəli xanın əsasını qoyduğu Qarabağ xanlığının, Şuşa şəhərinin, Qarabağda həmin dövrdə tikilmiş tarixi abidələrin, burada yaranmış ədəbiyyat və musiqi nümunələrinin Azərbaycan mədəniyyətində xüsusi yeri vurğulanır. Qeyd olunur ki, Qarabağın azad edilməsi ilə Azərbaycanın bu qədim diyarına mədəniyyət yenidən qayıdır, Azərbaycanın ərazisi kimi mədəniyyəti də bütövləşir. Bunun sayəsində də Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq dünyaya öz mədəniyyətini bütövlükdə təqdim etmək imkanı qazanır. 30 illik erməni işğalı dövründə dağıdılmış mədəniyyət abidələrinin bərpası, bu ilin may ayında Şuşada yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsi hər şeydən əvvəl bunu göstərir.
Potsdam Universitetinin professoru Fuhrmanın mərhum akademik Çingiz Qacar ilə birgə yazmış olduğu Nizami Gəncəviyə həsr edilmiş “880 ildən bəri canlıdır” məqaləsi bir daha böyük Azərbaycan şairi və mütəfəkkirinin həyatı, əsərləri və ölməz ideyaları haqqında məlumatları alman dilində oxucuların diqqətinə çatdırır.
“İrs/Erbe” jurnalının yeni
buraxılışındakı digər məqalələrdə
44 günlük müharibə zamanı Azərbaycan
şəhərlərinin dinc əhalisinin
ermənilər tərəfindən raket zərbələrinə
məruz qalması, azad edilmiş
ərazilərin minalardan təmizlənməsi,
aparılan quruculuq işləri, Füzulidə
yeni hava
limanının, Zəngilanda “ağıllı kənd”lərin
salınmasından bəhs olunur.
Mədəniyyət.- 2021.- 22
dekabr.- S.3.