130 il əvvəlin Bakısına əsrarəngiz səyahət

 

Milli İncəsənət Muzeyində fransız fotoqrafın sərgisi açılıb

 

 

 

Yaşadığın, səyahət etdiyin şəhərin keçmişinə dair faktlar, məncə, hər kəs üçün maraqlı olar. Hələ bu, XIX əsrə aid fotolardırsa...

 

Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində açılışı keçirilən “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərgi paytaxtımızın keçmişinə çox maraqlı səyahət oldu.

 

Sərgi Mədəniyyət Nazirliyi, Fransanın ölkəmizdəki səfirliyi, Azərbaycan Fransız İnstitutu (İFA) və Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə təşkil edilmişdi.

 

Mərasimdə giriş sözü söyləyən İFA-nın direktoru Jerom Kel sərginin Fransa Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının dəstəyi sayəsində ərsəyə gəldiyini dedi. Diqqətə çatdırdı ki, Pol və atası Feliks Nadarın fotoneqativləri həmin kitabxanada saxlanılır.

 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Azərbaycanın zəngin tarixi və mədəni irsi həmişə xarici ölkələrdən bura gələn səyahətçilərin, o cümlədən sənət adamlarının marağına səbəb olub. Açılışında iştirak etdiyimiz sərgi də bunu deməyə əsas verir.

 

Nazir müavini qeyd etdi ki, əvvəllər də hər iki ölkədə müştərək sərgilər təşkil olunub. 2012-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə təşkil edilən “Fransa inciləri. Fransız incəsənəti Renessansdan XX əsrədək” sərgisi özünün bədii dəyəri, eksponatların zənginliyi ilə mədəniyyət tariximizdə əlamətdar hadisə idi: “Bugünkü sərgidə isə biz Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının arxivində saxlanılan orijinal neqativlər əsasında çap olunan 70-dək foto ilə tanış olmaq imkanı əldə edəcəyik. Dövrünün ən  istedadlı fotoqraflarından olan Pol Nadar təkcə Avropa şəhərlərində yox, eyni zamanda Buxara və Səmərqənd kimi Şərq şəhərlərində də gündəlik həyatı əks etdirən fotolar çəkib. Sənəti onu 1890-cı ildə İstanbula, daha sonra isə Bakıya gətirir. Pol Nadar Bakının unikal memarlıq nümunələrini – Qoşa qala qapıları, Şirvanşahlar sarayı, dükan və bazarları, yerli əhalini lentə alıb. Düşünürəm ki, qədim Bakını Pol Nadarın çəkdiyi bu fotoşəkillər vasitəsilə görmək hər bir tamaşaçı üçün çox maraqlı olacaq”.

 

Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın tanınmış rəssam və heykəltəraşlarının sənət əsərlərinin qorunub saxlanıldığını söyləyən nazir müavini 2016-cı ildə keçirilən “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgidə bu dəyərli nümunələrin nümayiş etdirildiyini yada saldı.

 

Sevda Məmmədəliyeva çıxışının sonunda sərginin təşkilində əməyi olan hər kəsə, xüsusilə Fransanın ölkəmizdəki səfirliyinə və Milli İncəsənət Muzeyinin əməkdaşlarına təşəkkürünü bildirdi.

 

Fransanın ölkəmizdəki səfiri Zakari Qros söylədi ki, Pol Nadar (1856-1939) XIX əsrdə Fransada fotoqrafiya sənətinin qabaqcıllarından birinüfuzluNadarfotoqrafiya şirkətinin yaradıcısı Feliks Nadarın (1820-1910) oğlu idi. Feliks Turnaşon 20 yaşında ikən “Nadar” adını daşımağa qərar verir. 1854-cü ildə əksəriyyəti satirik olan 300 karikatura ilə “Pantheon Nadarortaya çıxır. 1860-cı ildə Parisin Kapüsin bulvarında yerləşən lüks studiyasına köçür. O, Parisin havadan görüntülərini çəkmək üçün hava şarına ilk minənlərdəndir. F.Nadar bizə ən məşhur simaların – Şarl Bodler, Ejen Delakrua, Viktor Hüqo, Jorj Sand kimi məşhurların fotoobrazlarını bəxş edib.

 

Səfir qeyd etdi ki, F.Nadarın yeganə oğlu Pol Nadar uşaqlıqdan atasının studiyasında işləyir və özünü yalnız fotoqrafiya sənətinə həsr edir. Pol 1890-cı ildə İstanbula, daha sonra isə Bakıya gəlir və şəhərin nadir fotolarını çəkir. O,  sonra buradan Daşkəndə yola düşür və Bakıda çəkdiyi fotoşəkillərdən ibarət sərgi təşkil edir.

 

Layihənin kuratoru Könül Rəfiyeva bildirdi ki, sərgiyə bir ildən artıq müddətdə hazırlıq gedib. Qeyd olundu ki, sərgi Bakının bizə gəlib çatan mədəni irsionun dəyişməsinə dair sənədli bir layihədir. Sərgidə Bakıya aid 23 əsər nümayiş olunur.

 

Daha sonra rejissor Rüstəm Hüseynov və layihənin kuratoru Könül Rəfiyevanın Pol Nadar haqqında sənədli filmi nümayiş olundu.

 

Sonda sərginin açılışını bildirən rəmzi lent kəsildi. İştirakçılar sərgi ilə yaxından tanış oldular.

 

***

 

Sərginin açılışından sonra layihənin kuratoru Könül Rəfiyeva ilə həmsöhbət olduq. Fransız fotoqrafın ölkəmizə və Orta Asiyaya səfəri ilə bağlı maraqlı faktlar söyləyən müsahibim bildirdi ki, 1890-cı ildə Beynəlxalq Yataq Vaqonları və Avropa Ekspresləri Cəmiyyəti QafqazRusiya Türküstanına səfər təşkil edir. Ehtimal olunur ki, Pol Nadar bu ekspedisiyaya fotoqraf kimi dəvət olunur. Beləliklə, o, Bakıdan keçməklə Daşkəndə qədər gedib çıxır. Parisə özü ilə gündəlik həyatı, abidələri, mənzərələri və bir çox portretləri çəkdiyi səfərindən 1800-ə yaxın neqativlə qayıdır. Fotoqrafiya tarixində özünəməxsus yer tutan bu şəkillər Pol Nadarın 2007-ci ildə işıq üzü görən “1890-cı il Türküstan Odisseyası” adlı kitab-albomunda yer alıb.

 

Könül xanım qeyd etdi ki, neft sənayesinin inkişafı ilə böyüyən təzadlar şəhəri Bakı Pol Nadara zəngin təəssürat bağışlayıb. Qədim məscidlər, şəhərin qədim qala divarlarının qarşısında müasir liman, yenicə tikilmiş avropasayağı iqamətgahlar, qədim İçərişəhərin kiçik evləri və əyri küçələri ilə, Şirvanşahlar sarayı, “Tiflis vağzalı” adlandırılan Bakı Dəmiryolu Vağzalının binası və başqa tikililər onun obyektivindən yayınmayıb...

 

Müsahibimdən ayrılıb sərgi ekspozisiyasını gəzirəm. 1890-cı ildə çəkilmiş fotolardakı bəzi tikililər bu gün də varlığını qoruyub saxlayır. Bəziləri isə tamamilə dəyişib. Məsələn, şəhər qala divarları və indi qarşısında olmayan evlər, Şirvanşahlar sarayının şərq portalı yaxınlığındakı meydançadan görünən onlarla gəmi, Saray məscidi və onun arxasında tamamilə dəyişən şəhər mənzərəsi. Bu əsərlərə baxdıqca Bakının XIX əsrin sonlarındakı vəziyyəti haqqında təsəvvür formalaşır.

 

Qeyd edək ki, “Dahilərin portretləri”, “Bakı” və “Türküstana səyahət” adlı üç tematik hissədən ibarət sərgi 2022-ci il fevralın 15-dək ziyarət üçün açıq olacaq. XIX əsrin sonlarındakı Bakıya qiyabi səyahət etmək istəsəniz, sərgiyə baş çəkin...

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.1;8.