“Bəşəri ideyalar carçısı”

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Quba rayon MKS Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Bəşəri ideyalar carçısı” adlı tədbir keçirilib. Tədbirdə “Nizami Gəncəvi-880” adlı sərgi nümayiş olunub. Qırmızı qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri şairin məşhur qəzəllərindən parçalar səsləndiriblər.

Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində keçirilən “Nizami Gəncəvi lirikası” adlı tədbirdə kənd tam orta məktəbinin şagirdləri dahi şairin şeirlərini söyləyiblər.

Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə RMİ, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində gerçəkləşən muğam müsabiqəsinin 2-ci seçim turu keçirilib. Müsabiqəyə Gəncə şəhəri, Bərdə, Samux, Goranboy, Gədəbəy, Kəlbəcər və s. rayonlardan 50 nəfər muğam ifaçısı qatılıb. İfaçıları “Göygöl” ansamblı (bədii rəhbər Sahil Quliyev) müşayiət edib.

Müsabiqədə Nizami Gəncəvinin qəzəlləri üstündə muğam və təsniflər, eləcə də xalq mahnıları ifa edilib.

Gəncədəki Nizami Gəncəvi muzeyi və məqbərəsinin birgə təşkilatçılığı ilə “Nizami ili” ilə bağlı keçirilən tədbirdə isə dahi mütəfəkkirin qəzəllərindən və kəlamlarından parçalar söylənilib.

Əlamətdar il münasibətilə Kürdəmir, Sabirabad, İsmayıllı, Şəki və Gəncə regional mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə” yolu” layihəsi davam edir. Layihə üzrə Kürdəmir RMİ-nin Xalq teatrı Qəbələ rayon Mədəniyyət Mərkəzində “Xəmsə” adlı tamaşa nümayiş etdirib.

 

Mədəniyyət.- 2021.- 24 dekabr.- S.3.