Mədəni əlaqələrin genişlənməsi hər iki tərəf üçün faydalıdır

 

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb.

Adel İbrahim iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Diplomat Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində Zəfər münasibətilə bir daha təbrik edib.

Səfir Qənirə Paşayevanın bu günlərdə nəşr olunan “Sirlər dünyasına səyahət: Misir” kitabına görə müəllifə təşəkkür edib.

Görüş üçün dəvətə və xoş sözlərə görə səfirə təşəkkür edən Q.Paşayeva Misirə səfərlərindən, orada beynəlxalq tədbirlərdə iştirakından, görüşlərdən, təəssüratından və ölkələrimiz arasında əlaqələrdən söz açıb. Bildirib ki, rəsmi və ictimai qurumların xətti ilə baş tutan görüşlər, alimlərimizin, mədəniyyət, incəsənət xadimlərimizin əlaqələri sevindiricidir: “Qarşıdan Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü gəlir. Bu ərəfədə Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü olaraq belə bir kitabı oxuculara təqdim etməkdən məmnunam”.

Görüşdə qarşılıqlı mədəni əlaqələrin perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

 

Mədəniyyət.- 2021.- 24 dekabr.- S.3.