Ölümlüdiri” İskəndər

 

Yaxud Tanrı olmaq asan deyil...

 

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İskəndərə yeni namə” tamaşasının premyerası haqqında xəbər vermişdik. “Nizami Gəncəvi İli”nə ən yaxşı sənət töhfələrindən olan səhnə işi haqqında bir qədər ətraflı söz açacağam.

Məlumat üçün deyim ki, səhnə işinin ideya müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Yazıçı-ssenarist İlqar Fəhminin ssenarisi əsasında ərsəyə gələn tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. Tamaşada Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artistlər Şövqi Hüseynov (Xızır), Elşən Rüstəmov (Əflatun), Kəmalə Müzəffər (yaşlı Rövşənək), İlqar Cahangir (İsgəndərus), aktyorlar Ziya Ağa (İskəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon) və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış edirdilər.

Tamaşa bizim ənənəvi teatr mühitində yeni görünən fərqli üsluba malikdir. Böyük fatehin obrazında bizə “bu dünyada cismən ölümlü, ruhən ölümsüz insanlar var olduğu üçün yaşamaq gözəldir” fikrini dönə-dönə təkrar edən sənət layihəsi ümumilikdə Nizami irsinin teatr sənəti vasitəsilə retranslyasiyası məqsədi daşıyır. Layihənin digər bir məqsədi də əsasən bu məqam idi: Nizaminin əbədiyaşar irsindən yola çıxaraq yeni fikir axını yaratmaq. Bu mənada biz Nizami əsərindən bəhrələnməklə yox, onun ruhundan yola çıxmaqla özünə yeni cığır açmağa çalışan yaradıcı təşəbbüs gördük.

Bütün mürəkkəb mizanlar, dolanbac yollarla gələn sadə həqiqətlər, hər bir xırda detalınadək düşünülmüş quruluş elementləri bizə, az da olsa, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi, yeni səhnə meyar və axtarışları müstəvisində göstərmək üçün idi. Əslində, bu, lazımlı yanaşma və nisbətən ertələnmiş forma tətbiqinin aktivləşdirilməsi baxımından da uğurlu cəhd kimi dəyərləndirilə bilər.

İlqar Fəhminin Nizami Gəncəvinin “İskəndərnamə” poemasının motivləri əsasında tərtib etdiyi bu yeni “namə” məlum poemanın xəyali davamıdır. Yəni həm İskəndər Zülqərneyn, böyük fateh, gənc və dəliqanlı hökmdar, həm də iddiasız bizlər “Ölməyib, o günü də görsəydim”ə gedib, “nə edərdim?” sualı ilə imtahan olunduq.

Alternativ istiqamət seçilərkən hadisələr dirilik suyunu İskəndərə gətirmək üçün yola çıxdığı halda onu içib qeybə çəkilən Xızır ilə başlayır. Yəni konflikt onun üzərində qurulur. Poemadan fərqli olaraq, tamaşada Makedoniyalı İskəndər dirilik suyunu Xızırın qanı vasitəsilə içir və beləcə, özünün əbədi yaşamaq haqqını yenə qanla alır.

Hadisələrin gedişatında 33 yaşlı İskəndərdən 99 yaşlı İskəndərin dövrünə keçirik. Gənc, məmnun, güclü hökmdar artıq 66 ildir ki, Allahın verdiyi hər gündə ya kiminsə edam əmrini verir, ya da onu lənətləyən, üzünü görmədiyi, heç tanımadığı düşmənlərindən də əbədi yaşamaq haqqının intiqamını alır. Düşmənlərini kənarda axtardıqca əzəmətli sarayda, dəbdəbəli taxt-tacında yerinə qor tökülmüş kimi yaşadıqca yeganə təsəllisi ailəsi – arvadı, oğlu və nəvələri olur. Onların xəyanət etməyəcəyindən o qədər əmindir ki, hətta nəvələrini qəsdçiləri sırasında görəndə dəliyə dönür. Edam kötüyünə gedəcək növbəti başların hər gün sığalladığı başlar olması onu heyrətə gətirir. Nəticədə böyük fəlakət yaşanır: İskəndər ailəsinin, ailəsi də onun qatili olur. Hörmüz 66 ildən sonra bu dəfə insan olmaq, insan kimi ölmək üçün yalvaran, fəryad edən İskəndərin dadına yetironu azad edir: həm Tanrı olmaq kimi axmaq xülyasından, həm də bezdiyi həyatından...

Qısa təsvirdən də göründüyü kimi, tamaşada hadisələr sürətlə dəyişir. Çoxfunksiyalı konstruksiyalar, əvvəldən dəqiq təyin olunmuş mizanlar, sinxron kütləvi səhnələr, işıq və ona adekvat musiqi həlli ilə daim canlı oyun görürük. Sanki İskəndər ordusunun çaparları səhnədəkilər qarışıq hamımızı önünə alıb nəfəsimiz qaralanadək qovur. Hə, bu qovmaq məsələsi ikidaha artıq başlı olduğundan müzakirəsi və mühakiməsi azaddır...

 

Mizanların traktovka daxilində işlənməsinə gəlincə, müəyyən dağınıqlıq, sözsüz ki, oldu. Bunu müəyyən mənalarda tamaşadan bir neçə gün öncə zədələnən baş qəhrəmanın hər iki mənada ayağına yazmalı olsaq, gərək onun ümumən oyununa toxunmayaq.

 

Ondan fərqli olaraq Nurəddin Mehdixanlı bizlərə tam fərqli bir obraz göstərdi. Mizandan bir addım belə çıxmayan, rejissor-aktyor-tərəf-müqabil üçbucağında tarazlığı saxlayan oyunu var idi. Plastikası, hərəkətə uyğun tembri, qarşı tərəflə rahat mübadiləsi hakim idi.

 

Elşən Rüstəmov, Şövqi Hüseynov, Rüstəm Rüstəmov obrazlarının ifadə imkanlarını və icazə verilən hərəkət istiqamətlərini tam təyin etmişdilər. Elşən Rüstəmovun vəziyyətə uyğun tembri və mexanikası, Rüstəm Rüstəmovun oyuna qatdığı həyəcan və cəldlik işlərinin öhdəsindən gəldiklərini göstərdi. Şövqi Hüseynovun qəhrəmanının bəraətindəki inandırıcılığı, hiyləgərliyinə haqq qazandırması və öz əbədiyyət haqqını vermək üçün gizli-açıq oyunları onun dəyişkən oyun texnikasında yaxşı düşünülmüş həll idi.

 

İlqar Cahangir və Kəmalə Müzəffərin potensiallarına uyğun rejissor təlimatları verilməsinə rəğmən, daha doğrusu, onlar üçün geniş şərait sunulmasına baxmayaraq, bizə nə şahzadə kimi qocalıb məbədə çəkilən oğulun, nə də cavan ərinə baxa-baxa gül kimi solan qadının faciəsini görmək nəsib olmadı. Hərçənd İlqar Cahangirdən daha inandırıcı, təsirli nümayiş gözləmək olardı. Kəmalə Müzəffərin son aktı – xəncərin İskəndərin kürəyinə saplama səhnəsi də ani ötüşdüyündən nə qadın, nə də tamaşaçı intiqamın həzzini yaşaya bilmədi...

 

Vüsal Mustafayev, Elçin Əfəndi və Sənan Kazımlı üçlüyününoyunu göründü, tamaşaçının yaddaşına köçdü. Baba-nəvə – Ziya-Sənan toqquşmasında tərəflər, əslində, göz tərəzisində tam bərabər dayandılar.

 

Tamaşanın kütləvi səhnələri həm templi, həm də sinxron idi. Xüsusən mühafizəçilərin qılıncla rəftarı və ani çevrilmələrdə, hədəflərin dəyişməsindəki dinamikaları, səhnənin bütün istiqamətlərinin plandan plana işlədilməsi oyunun ümumi atmosferinə yaxşı təsir etdi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2021.- 24 dekabr.- S.5.