UNESCO sessiyasında ölkəmizin mədəni özünüifadə müxtəlifliyindən danışılıb

İşğaldan azad olunmuş torpaqlarımızda bəşəri mədəniyyətin ayrılmaz hissəsi olan mədəni irsimizi bərpa edəcəyik. Tarixi, incəsənəti, maddi mədəniyyət abidələri, əsrarəngiz təbiəti, iqlimi, təbii sərvətləri ilə zəngin olan işğaldan azad edilmiş torpaqlarımızda yaxın gələcəkdə müasir və yenilikçi inkişaf mərkəzləri və yaradıcılıq institutlarının təməli qoyulacaq.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev bu sözləri qurumun Mədəni özünüifadə müxtəlifliyinin təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının açılışında çıxışı zamanı səsləndirib.

Səfir 2005-ci il Konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətindəki rolundan, Azərbaycanda inkişaf etdirilən kreativ sənayedən, inklüziv cəmiyyəti inkişaf etdirmək məqsədilə yaradıcılığın təşviqi istiqamətində görülən işlərdən, eyni zamanda hamı üçün zəngin mədəni özünüifadə sahəsində bərabərhüquqlu fürsətlərin təmin edilməsindən danışıb.

Bildirib ki, COVİD-19 pandemiyası səbəbindən UNESCO-nun Dünya irs siyahısında olan abidələrinin 80 faizinə ziyarətin məhdudlaşdırıldığı, habelə bir çox mədəni institutların bağlandığı dövrdə sosial şəbəkələrdə yaradıcı sənayenin əsas mütəxəssisləri və müxtəlif sənət adamları ilə aparılmış qlobal müzakirələri ehtiva edən UNESCO-nun ResiliArt Hərəkatı yaradıcı sənayelərin mövcud vəziyyətini işıqlandırıb.

Azərbaycanın Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan portalının sənət nümayəndələrini bu təşəbbüsə qoşulmağa dəvət etdiyini bildirən E.Abdullayev bu günə kimi ölkəmizdə 21 yeni layihə, kampaniya və müsabiqənin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tarixi, incəsənəti, maddi mədəniyyət abidələri, əsrarəngiz təbiəti, iqlimi, təbii sərvətləri ilə zəngin olan işğaldan azad edilmiş torpaqlarımızda yaxın gələcəkdə müasir və yenilikçi inkişaf mərkəzləri və yaradıcılıq institutlarının təməli qoyulacaq.

Azərbaycan işğal olunmuş ərazilərini azad etdikdən sonra beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən ölkəmizin bir çox tarixi və mədəniyyət abidələrinin kütləvi şəkildə məhv edilməsinin şahidi oldu. Azərbaycan hazırda azad edilmiş ərazilərdəki abidələrin bərpası üçün yol xəritəsi hazırlayır. Universal mədəniyyətin ayrılmaz hissəsi olan mədəni irsimizi bərpa etmək üçün bütün səylərimizi səfərbər edəcəyik. Bənzərsiz mədəni irsimiz kimliyimizi əks etdirir, - deyə səfir vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın töhfələri sayəsində yüksək səviyyəyə çatmış Azərbaycan-UNESCO münasibətlərinə toxunan daimi nümayəndə 2022-ci ildə UNESCO-ya üzvlüyümüzün 30 illiyinin tamam olacağını diqqətə çatdırıb, təşkilatla mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq sahəsində sıx əməkdaşlıqdan və 2005-ci il Konvensiyasının müddəalarına uyğun olaraq, tarix boyu Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin mədəniyyət, incəsənət, adət-ənənələr və dillərinin qorunmasından söz açıb.

Sessiyanın açılışında Dayanıqlı İnkişaf üçün Yaradıcı İqtisadiyyat İlinin başlanılması ilə əlaqədar UNESCO-nun Baş direktoru Odri Azuleyin, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırın, Kolumbiyanın Prezidenti İvan Dükenin, habelə Dünya Bankının və Ticarət və İnkişaf üzrə BMT Konfransının nümayəndələrinin videomesajları da dinlənilib. Sessiyanın gündəliyi, müşahidəçilərin siyahısı təsdiqlənib, komitənin on üçüncü iclasının ətraflı icmalı qəbul edilib və UNESCO Katibliyinin 2020-ci il ərzində həyata keçirdiyi fəaliyyətin hesabatı dinlənilib.

Qeyd edək ki, Azərbaycan UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyasına 2010-cu ildə qoşulub. 2019-cu ildə Azərbaycan Şərqi Avropa qrupundan 20192023-cü illər üçün Hökumətlərarası Komitəyə üzv seçilib. 24 üzv-ölkədən ibarət Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.

UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyası fevralın 6-dək öz işini davam etdirəcək.

Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyin nümayəndələri ilə təmsil olunur.

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 1;3.