Azad olunmuş ərazilərin bərpası Azərbaycanın gücünü dünyaya göstərəcək

 

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

Dövlətimizin başçısının tapşırığına əsasən Yasamal rayonunda salınan parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Prezidentin müdaxiləsindən sonra bu proses dayandırıldı və torpaqlar dövlət fonduna qaytarıldı.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir. Burada ətraf ərazilərin sakinlərinin istirahəti üçün bütün şərait var.

Park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksəksəviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir.

 

***

Prezident İlham Əliyev və birinci xanım fevralın 1-də Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında da iştirak ediblər. Dövlət başçısı Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verib.

Müsahibədə son illər ölkəmizdə səhiyyə sisteminin müasir dünya standartları səviyyəsində yenidən qurulduğunu diqqətə çatdıran İlham Əliyev bildirib ki, məhz bunun sayəsində ölkəmiz bütün dünyanı cənginə almış COVİD-19 pandemiyası ilə mübarizədə ön sıralardadır.

Prezident müsahibədə ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki vəziyyət, bu torpaqların dirçəldilməsi, yeni infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə də danışıb.

İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır... Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Bu mənzərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir, deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik: Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

İşğaldan azad olunmuş ərazilərin bərpasından danışan Prezident son günlər ayrı-ayrı dövlət qurumları tərəfindən Şuşa şəhərində filiallar, ofislər açmaq barədə səslənən fikirlərə də münasibət bildirib. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subordinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır, deyə o vurğulayıb.

 

Bütün şəhərlərin baş planları hazırlanır

 

Prezident qeyd edib ki, İşğaldan azad olunmuş ərazilərdə işlər müvafiq ardıcıllıqla aparılır: Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur. Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox. Ağıllı şəhər konsepsiyası, ağıllı kənd konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq.

Dövlət başçısı daha sonra deyib: Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də xruşşovkalar, hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə.

 

Şuşada biz ancaq tarixi binaları bərpa etməliyik

 

Prezident bu cür ziyanlı fikirlərin səslənməsinin yolverilməz olduğunu bir daha vurğulayıb: Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşudbanu Natəvanın sarayı necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. O, hansı formada bərpa edilməlidir? Onun yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm. İndi müxtəlif yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra xruşşovkalarla bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir. Ancaq bununla bağlı mən, sadəcə olaraq, öz fikirlərimi bölüşürəm. Amma necə olacaq, onu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək.

Mən indi o biri məsələni də demək istəyirəm. Mən müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.

 

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 2.