25 il öncə təməli qoyulan gün

 

2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 25 il öncə, 1996-cı ilin 2 fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan gənclərinin I forumu keçirildi.

1997-ci il fevralın 1-də həmin forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Prezident Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsi haqqında sərəncam imzaladı. Həmin vaxtdan etibarən 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd edilir. MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olunub.

Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində gənclərə dəstək məqsədilə ölkə başçısı tərəfindən bir neçə dövlət proqramı təsdiq edilib. Dövlət proqramları çərçivəsində gənclərin bilik, bacarıq və qabiliyyətlərinin ortaya çıxarılması, istedadlı gənclərin dəstəklənməsi və s. diqqətdə saxlanılıb, bu istiqamətdə maraqlı layihələr həyata keçirilib. Ölkə başçısının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə (2011), Gənclər üçün Prezident mükafatının təsis edilməsi haqqında (2013) sərəncamları gəncliyə dövlət qayğısının bariz nümunəsidir.

Hər il 2 fevral günü soyuq qış ayına bir təravət, hərarət qatır. Gənclər Günündə dövlətimizin diqqət və qayğısı, dəstəyi ilə hər bir sahədə uğur qazanan gənclərə mükafatlar təqdim edilir, onların fəaliyyətinə stimul verilir. Ölkə əhalisinin təqribən 30 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Mədəniyyət Nazirliyi bu illər ərzində Gənclər Günü ilə əlaqədar bir çox yaddaqalan layihələr həyata keçirib. Əlamətdar günə həsr olunmuş musiqi festivalları, ASAN Xidmətlə birgə təşkil olunan Gəncliyin səsi festivalı, gənclərin əl işlərinin satış-sərgiləri, nazirliyin tabeliyində fəaliyyət göstərən kitabxana və muzeylərdə gerçəkləşən rəngarəng tədbirlər və s. gənclərin hərtərəfli inkişafına, öz potensiallarını nümayiş etdirməsi üçün yaradılan münbit şərait deməkdir. Hər il Gənclər Günündə müxtəlif sahələrdə fəallıq göstərən gənclər mükafatlandırılır, çeşidli layihələr reallaşdırılır.

Bu il koronavirus pandemiyası səbəbindən əlamətdar günlə bağlı tədbirlər əsasən onlayn formatda gerçəkləşib. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, UNEC Könüllüləri Təşkilatı və 3 saylı Bakı ASAN Xidmət mərkəzinin tərəfdaşlığı ilə Gənclər Gününə həsr edilmiş videokonfrans keçirilib. Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Nizami Gəncəvi İli çərçivəsində Gənclər Gününə həsr olunan Axın adlı virtual rəsm sərgisi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan 2 fevral Azərbaycan Gəncləri Günü adlı virtual sərgi təqdim olunub. Heydər Əliyev Sarayının təşəbbüsü ilə Gənclər Gününə həsr olunan Qəhrəman gənc layihəsinin təqdimatı keçirilib.

Gənclərin fəaliyyətinin dövlət tərəfindən qiymətləndirilməsi və dəstəklənməsi onların yaradıcılıq vüsətini gücləndirir, yeni nailiyyətlər üçün ruhlandırır. Bu il gerçəkləşən tədbirlərlə bağlı əlamətdar gün ərəfəsində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri Kənan Kərimovla əlaqə saxladıq. Sektor müdiri qeyd etdi ki, hər il olduğu kimi, bu il də gənclər diqqət mərkəzində olacaq: Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas istiqamətləri üzrə 25 ildir davamlı proses gedir. Yəni 25 il əvvəl verilən tövsiyələri biz bugünkü gənclikdə görürük. Vətənpərvər, tolerant, yaradıcı, intellektual səviyyəsi yüksək, hərtərəfli inkişafa malik gəncliyimiz var. Bu il ərzində dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə, müsabiqə, konsert, festival və olimpiadalarda fərqlənən, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş gənclər təltif olunublar. Bu il də kino, teatr, memarlıq, ədəbiyyat, musiqi, elm, kulinariya və s. sahələr üzrə gənclər seçiliblər. Çalışmışıq ki, bu sahələrdə nailiyyət əldə edən heç bir gənc diqqətdən kənarda qalmasın.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir. Bu parlaq həqiqəti biz 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Qəlbi Vətən eşqi ilə döyünən qəhrəman gənclərimiz böyük şücaət göstərərək ərazi bütövlüyümüzü bərpa etdilər. 30 illik yurd nisgilimiz sona çatdı...

 

Lalə AZƏRİ

Mədəniyyət.- 2021.- 3 fevral. S. 2.