Bəstəkar və musiqişünaslarımız haqqında nəşrlər layihəsi davam edir

Azərbaycan peşəkar musiqisi təşəkkül tapdığı zaman ərzində dünya musiqi xəzinəsinə ölməz əsərlər bəxş edib və bəstəkarlarımız XXI əsrə də böyük sərvətlə, musiqi xəzinəsi ilə daxil olublar.

Peşəkar musiqiçilərimizin neçə-neçə nəsillərinin formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərlə zənginləşməsində, mədəniyyətimizin dünyada təbliğində mühüm rol oynayan Azərbaycan Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında fəal iştirak edərək bir sıra maraqlı və əhəmiyyətli layihələr həyata keçirir. Onlardan biri də Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan Azərbaycan bəstəkarları və musiqişünasları layihəsidir.

Bəstəkar və musiqişünaslarımızın yaradıcılığının geniş kütlə arasında tanıdılması və təbliğ edilməsi məqsədilə ərsəyə gətirilən layihə üzrə birinci mərhələdə Bəstəkarlar İttifaqının 18 üzvünün həyat və yaradıcılığını əhatə edən broşürlər 2014-cü ildə Şərq-Qərb nəşriyyatında çap olunub. İkinci mərhələdə hazırlanmış 16 broşür də 2015-ci ildə həmin nəşriyyatda işıq üzü görüb. 2020-ci ildə isə Bəstəkarlar İttifaqı tərəfindən layihənin üçüncü mərhələsi həyata keçirilib, Renessans-A nəşriyyatında növbəti 22 broşür çap olunub.

Təqdim olunan broşürlərdə təkcə klassik musiqi xadimləri deyil, bu gün yazıb-yaradan bəstəkar və musiqişünaslar haqqında da məlumatlar yer alıb. Bu siyahıda yaradıcılıqları haqqında məhdud sayda məlumat olan 6 bəstəkar və 16 musiqişünasımızın yaradıcılıq yolu işıqlandırılıb.

Bəstəkarlardan Hacı Xanməmmədov (broşür müəllifi Zemfira Qafarova), Nazim Əliverdibəyov (Munisə Abdullayeva), Tofiq Bakıxanov (Zemfira Qafarova), Azər Dadaşov (Natalya Dadaşova), Məmmədağa Umudov (Jalə Qulamova), İlyas Mirzəyevin (Seyran Qafarov) yaradıcılıq yolu işıqlandırılıb. Musiqişünaslardan isə Məmməd Saleh İsmayılov (Səadət Seyidova), İzabella Abezqauz (Aida Tağızadə), Şəhla Həsənova (İradə Köçərli), Tamilla Hüseynova (Sevda Hüseynova), Gövhər Hüseynova (Elnarə Dadaşova), Elmira Abbasova (Nigar Əliyeva), Solmaz Qasımova (Zemfira Abdullayeva), Səadət Seyidova (Dilbər Məmmədova), Elxan Babayev (Aynur Elxanqızı), Nailə Kərimova (Cəmilə Həsənova), Həcər Babayev (Səadət Təhmirazqızı), Ramiz Zöhrabov (Leyla Zöhrabova), Ülviyyə İmanova (Kəmalə Ələsgərli), Aida Tağızadə (Zümrüd Dadaşzadə), Tariyel Məmmədov (İnna Pazıçeva), Tahirə Yaqubovanın (Fəttah Xalıqzadə) yaradıcılığı əhatə olunub.

Əgər əvvəlki nəşrlər daha çox bəstəkarları əhatə edirdisə, yeni nəşrlərdə Azərbaycanın tanınmış musiqişünaslarına üstünlük verilib. Bu sırada Azərbaycan musiqişünaslığının korifeyləri olan Məmməd Saleh İsmayılov, İzabella Abezqauz, Elmira Abbasova, Solmaz Qasımova, Ramiz Zöhrabov, Aida Tağızadə və digərlərinin adlarını xüsusi vurğulamaq istərdim. Bu gün də Azərbaycan musiqişünaslıq məktəbi aktiv fəaliyyət göstərir və artıq bu məktəbin istedadlı nümayəndələri müxtəlif ölkələrdə öz elmi əsərləri ilə tanınırlar.

Ümumilikdə, bu layihənin çox böyük əhəmiyyəti vardır. Bu broşürlər elmi-nəzəri tədqiqat işi deyil, oxucuları Azərbaycan professional musiqisinin inkişafına böyük töhfələr vermiş tanınmış musiqiçilərimizin fəaliyyəti ilə tanış etmək məqsədi daşıyır. Klassik bəstəkar və musiqişünaslarımız haqda bu günə qədər məlumatların az olması və ya uzun illər öncə rus dilində çap olunması, bu gün yaşayıb-yaradan bəstəkar və musiqişünasların tanınması layihənin əsas məqsədlərindəndir. Oxucular təkcə məşhur klassik bəstəkarlarımızla yox, eləcə də Bəstəkarlar İttifaqının bütün tarixi fəaliyyəti ərzində böyük rol oynayan bəstəkar və musiqişünaslarımızın yaradıcılıqları haqqında məlumat alırlar.

Təqdim olunan broşürlər gənc bəstəkarlar üçün dəyərli mənbədir. Tədrisdə onlardan istifadənin böyük əhəmiyyəti vardır. Yeni nəşrlər respublikanın musiqi təhsili müəssisələrinə, şəhər kitabxanalarına, Bəstəkarlar İttifaqının Gəncə, Lənkəran, Naxçıvan, Şəki təşkilatlarına göndərilir. Ümidvarıq ki, əvvəlki nəşrlər kimi, yeni nəşrlər də geniş oxucu marağına səbəb olacaq.

Artıq bir neçə ildir Azərbaycan bəstəkarları və musiqişünaslarının elektron kataloqu layihəsi də həyata keçirilir. Bu kataloqun hazırlanmasında Musiqi dünyası jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun böyük əməyi vardır. Elektron kataloqa gələcəkdə hazırlanacaq broşürlər üzrə məlumatlar da daxil ediləcək.

Xatırladaq ki, Azərbaycan Bəstəkarlar İttifaqında ilk iki mərhələ üzrə nəşrlərin təqdimat mərasimi keçirilmiş, layihə musiqi ictimaiyyətinə çatdırılmışdı. Lakin bu gün mövcud şəraitlə əlaqədar pandemiya səbəbindən üçüncü mərhələ üzrə nəşrlərin təqdimatını keçirmək hələlik mümkün deyil. Amma layihə davam edir. Bu silsilədən növbəti broşürlər də çapa hazırlanır. Ümid edirik ki, yaxın zamanda yeni nəşrlər işıq üzü görəcək və biz onların təqdimat mərasimini ənənəvi şəkildə qeyd edəcəyik.

 

Jalə QULAMOVA

Milli Konservatoriyanın elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət.- 2021.- 3 fevral. S. 5.