Şəhid mayorun şəxsi əşyaları Tarix Muzeyinə təhvil verilib

 

Vətən müharibəsində şəhid olmuş mayor Malik Əliyevin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Şəhidin hərbi geyim dəsti, çəkməsi, əlcəyi, səhra kompası muzeyin əməkdaşı Qənirə Qafarlı tərəfindən təqdim olunub.

Mayor Malik Əliyev Cəbrayıl və Füzuli istiqamətindəki döyüşlərdə iştirak edib. Cəbrayıl və Hadrut rayonlarının alınmasında xidmətləri olub. 2020-ci il oktyabrın 13-də Cəbrayıl rayonunda növbəti dəfə şəhid və yaralılarımızı təxliyə edərkən həlak olub.

Malik Əliyev sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” (2-ci və 3-cü dərəcəli),  Qüsursuz xidmətə görə” (3-cü dərəcəli) və s. medallarla təltif olunub.

Sərhəd Qoşunlarının mayoru Malik Əliyev II Fəxri xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 2020-ci il 12 dekabr tarixli sərəncamlarına əsasən, Malik Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, dövlət başçısının 2020-ci il 24 dekabr tarixli sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 6.