Gənc bəstəkar Dədə Qorqud baletini tamamlayıb

 

Gənc bəstəkar İlahə Qismət Dədə Qorqud dastanının motivləri əsasında eyniadlı balet üzərində işi tamamlayıb. Bəstəkar II pərdə, VI şəkildən ibarət balet üzərində beş il çalışdığını və əsəri Azərbaycan Ordusunun Vətən müharibəsində Qələbəsinə həsr etdiyini bildirib. Libretto müəllifi İltifat Hacıxanoğlu olan baletin musiqisinin orkestrləşdirmə işi başa çatdırılıb.

Xeyirlə şərin mübarizəsini tərənnüm etdirən baleti nəinki Azərbaycanın, eləcə də türk dünyasının mədəniyyətinə verilmiş bir töhfə olaraq ərsəyə gətirmişik. 2020-ci ilin Vətən müharibəsi Azərbaycan xalqı ilə yanaşı, türk dünyasının birlik və həmrəylik ruhunu yüksəltdi. Dədə Qorqud baletinin librettosu da xalqımızın bu möhtəşəm Qələbəsi ilə eynilik təşkil edir. Müharibədə əldə etdiyimiz zəfər nəticəsində nəinki düşmən əlindəki torpaqlarımız, həmçinin Dədə Qorqud dastanındakı Bamsı Beyrək kimi uzun illər əsirlik həyatı yaşamış soydaşlarımız da azad əsarətdən qurtuldular. Bu baleti 44 günlük Vətən müharibəsinə ithaf edirəm, deyə İlahə Qismət bildirib.

Gənc bəstəkar vurğulayıb ki, indi ən böyük arzusu 2021-ci ildə Dədə Qorqud baletinin səhnəyə qoyulmasına nail olmaq və bu əsəri Azərbaycan xalqı ilə yanaşı bütün türk dünyasına təqdim etməkdir: Türk xalqlarının ortaq mənəvi sərvəti kimi mədəniyyətimizdə yer alan Dədə Qorqud dastanı əsasında yazılmış baletin Türkiyə-Azərbaycan qardaşılığına bir töhfə olacağına inanıram.

Qeyd edək ki, bəstəkar İlahə Qismət (İsrafilova) 1993-cü ildə Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Bəstəkarlıq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib. Bəstəkarlıq ixtisası üzrə mərhum sənətkar, Xalq artisti, professor Arif Məlikovdan və Əməkdar incəsənət xadimi Aydın Əzimovdan dərs alıb. 2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib, ittifaqın Gənclərlə iş bölməsinə rəhbərlik edir.

Hazırda BMA-nın doktorantı olan bəstəkar, həmçinin Mədəni Əlaqələrin İnkişafına Dəstək İctimai Birliyinin sədri kimi bir sıra layihələrin müəllifidir. Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin yaradıcı gənclər üçün mükafatları ilə təltif olunub.

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 7.