Virtuoz skripkaçımız dünyanın ən nüfuzlu müsabiqəsində

 

Azərbaycanın Əməkdar artisti, virtuoz ifaçı Elvin Xoca Qəniyev 16 yanvar 25 fevral tarixlərində keçirilən və dünya üzrə tanınmış 49 skripkaçının qatıldığı Yaşa Heyfets adına beynəlxalq müsabiqədə iştirak edir.

COVİD-19 pandemiyası ilə əlaqədar Yaşa Heyfets adına beynəlxalq müsabiqənin 1-ci və 2-ci turları onlayn keçirilir. Elvin Xoca Qəniyev ilk turda uğurla çıxış edərək ikinci mərhələyə keçən 17 ifaçı arasında yer alıb.

Fevralın 2-də Bakı vaxtı ilə axşam saatlarında (20:30) başlayan Yaşa Heyfets adına beynəlxalq skripkaçılar müsabiqəsinin ikinci turunda uğur qazanan ifaçılar fevralın 24-25-də Vilnüs şəhərində, Litva Milli Filarmoniyasında canlı keçiriləcək final mərhələsində iştirak edəcəklər.

Müsabiqənin münsiflər heyətinin sədri dünya şöhrətli skripkaçı Gidon Kremerdir. Elvin Qəniyev ifaları ilə dünya musiqisinə örnək olan Gidon Kremerin qarşısında çıxış etməkdən qürur duyduğunu da bildirib.

Yaşa Heyfets (Jascha Heifetz əsl adı İosif Heyfets; 1901-1987) yəhudi əsilli məşhur skripkaçıdır. Vilnüs şəhərində doğulub, musiqi təhsilini Sankt-Peterburq Konservatoriyasında alıb. Sonra ABŞ-a köçüb. XX əsrin ən məşhur skripka ifaçısı sayılır. Vilnüsdə Yaşa Heyfets adına beynəlxalq müsabiqə ilk dəfə 2001-ci ildə, sənətkarın 100 illiyində keçirilib. Dörd ildən bir təşkil olunan Yaşa Heyfets müsabiqəsi skripka ifaçılığı üzrə dünyanın ən nüfuzlu yarışı sayılır. Müsabiqə Litva Prezidentinin himayəsi altında keçirilir.

Elvin Xoca Qəniyev Azərbaycanın tanınmış skripka ifaçısı, Xalq artisti, professor Sərvər Qəniyevin nəvəsidir. 1997-ci ildə anadan olub. Bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib. K.Lipinski adına, G.Venyavski adına, P.Çaykovski adına və D.Oystrax adına skripkaçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Virtuoz skripkaçı 2018-ci ildə Berlində keçirilmiş II Beynəlxalq musiqi müsabiqəsinin qızıl medalına layiq görülüb. Prezident təqaüdçüsüdür, adı Azərbaycanın gənc istedadlarının Qızıl kitabına daxil edilib. Ölkə başçısının 27 may 2018-ci il tarixli sərəncamı ilə Əməkdar artist adına layiq görülübbu adı almış ən gənc sənətçidir. Hazırda Almaniyanın Hannover Musiqi, DramMedia Universitetində tanınmış polşalı professor Kşiştof Vengjinin (Krzysztof Wegrzyn) rəhbərliyi ilə magistratura təhsili alır.

Qeyd edək ki, Elvin Xoca Qəniyev 2020-ci ilin sentyabrında daha bir nüfuzlu sənət yarışının Corc Enesku adına beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb. Müsabiqənin yarımfinal və final mərhələləri bu ilin mayın 13-21-də Buxarestdə keçiriləcək.

Mədəniyyət.- 2021.- 3 fevral. S. 8.